"Zenit"in legioneri "Neftçi" ilə oyun haqqında: "Layiq olduğumuz qələbəni qazandıq"
“Neftçi” Sankt-Peterburqda keçirilən “Parı Premyer” turnirinin ilk oyununda “Zenit”ə 1:3 hesabı ilə uduzub. Bakılılar Saldaniyanın penaltidən vurduğu qolla hesabı açsa da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər.
Msport.az xəbər verir ki, Rusiya təmsilçisinin braziliyalı futbolçusu Klaudinyo matçdan sonra açıqlama verib:
“Düşünürəm ki, biz çox yaxşı oyun keçirdik. bir qədər vaxt lazım gəldi ki, özümüzə gələk. Təəssüf ki, ilk qolu biz buraxdıq. Lakin sonradan azarkeşlərin də köməyi ilə oyunu çevirib qalib gəldik. Hesab edirəm ki, layiq olduğumuz qələbəni qazandıq.
Hər bir futbolçu tam gücünü ortaya qoydu. Mənə elə gəlir ki, ilk dəqiqələrdən maksimum potensialımızı nümayiş etdirməyə çalışırdıq. Sadəcə ikinci hissədə əlimizə düşən imkanları dəyərləndirə bildik. Mantuan meydana daxil olduqdan sonra birinci və ya ikinci toxunuşda hesabı bərabərləşdirdi. Sonra mən də fərqlənə bildim. İndi hər yeni oyunda biz daha da artıracağıq.
Rəqibə gəlincə, yaxşı komandadır. Çox yaxşdır ki, bu turnirdə xarici klublar mübarizə aparırlar. Bu bizə yeni mövsüm öncəsində yaxşı forma yığmağa kömək edəcək”.
AYXAN







