16 yaşlı futbolçu uğrunda “savaş”
“Barselona” Braziliya futbolunun növbəti böyük istedadı hesab olunan Eduardo Konseysao üçün hərəkətə keçib.
Msport.az xəbər verir ki, Kataloniya klubu “Palmeyras”ın 16 yaşlı hücumçusunu transfer etmək məqsədilə Braziliya təmsilçisi ilə danışıqlara başlayıb.
Gənc futbolçunun müqaviləsində sərbəstqalma məbləği 100 milyon avro olaraq müəyyən edilsə də, “Palmeyras”ın bu rəqəmdə güzəştə gedə biləcəyi qeyd olunur. Braziliya klubunun istedadlı oyunçunu 50 milyon avro qarşılığında buraxmağa razı olduğu gələn xəbərlər arasındadır.
Lakin “Barselona” bu transfer yarışında tək deyil. 2009-cu il təvəllüdlü vinger üçün “Mançester Siti”, “Çelsi” və PSJ kimi nəhəng klublar da pusqudadır. Xüsusilə “şəhərlilər”in artıq 40 milyon avroluq təkliflə “Palmeyras”ın qapısını döydüyü iddia edilir.
Qeyd edək ki, FIFA qaydalarına əsasən, Eduardo yalnız 18 yaşı tamam olduqdan sonra – 2028-ci ilin yanvarında Avropaya yollana bilər. Lakin Avropa nəhəngləri Endrik və Estevao nümunəsində olduğu kimi, gənc ulduzu indidən “bron” etmək niyyətindədirlər. Hazırda Braziliya U-17 millisinin heyətində Cənubi Amerika çempionatında parlayan Konseysao turnirin ən yaxşı oyunçusu olmağa əsas namizəddir.







