“Adamlara baxıram, boyunuz bir qədər balacadır” - MÜSAHİBƏ
“Sumqayıt”ın basketbolçusu Celon Endryus klubun mətbuat xidmətinə müsahibə verib.
Msport.az xəbər verir ki, amerikalı hücumçu Azərbaycandan, basketbolumuzdan və gözləntilərindən danışıb.
– Basketbola marağın necə yaranıb? Azərbaycana gələnə qədər hansı komandalarda çıxış etmisən?
– Özüm Missisipi ştatında doğulmuşam. Doğrusu, əvvəlcə beysbola maraq salmışam və bir müddət də bu idman növü ilə məşğul olmuşam. Amma ucaboy olduğuma görə sonradan gücümü basketbolda sınamaq qərarına gəldim. Azərbaycana gələnə qədər kollec və universitet komandalarında çıxış etmişəm. İndiyə qədər “South Pike high school”, “Southwest Mississippi Community College” və “Kentucky State University” komandalarında oynamışam.
– Azərbaycandan sənə təklif gələndə təbii ki, internetdə axtarış verib ölkəmizlə maraqlandın. Nə diqqətini cəlb etdi?
– Təbii ki, çox şeylə maraqlandım. Bunlardan biri də yeməklər idi. Daha sonra ölkə haqda bəzi materialları oxudum. Bununla yanaşı, oynayacağım ölkənin basketbolunun hansı səviyyədə olması da önəmli məqam idi. Həmçinin çempionat oyunlarını izlədim. Həqiqətən də, bu ölkəni sevməyə dəyər. Bura gəlməyimdə həmçinin “Sumqayıt”ın digər üzvü Cey Mürrelin də böyük rolu oldu. Biz ABŞ-da bir yerdə oynamışıq. Onun da məsləhəti ilə bura gəldim.
– Bura gələndən sonra artıq əyani şəkildə nəyi gördün? Ölkəmizdə nəyi xoşlayırsan?
– Təbii ki, bəyəndiyim ilk şey kababdır. Ümumiyyətlə, Azərbaycan əla ölkədir. İnsanlar çox mehribandırlar, sadəcə, adamlara baxıram, boyunuz bir qədər balacadır.
– Bəs Azərbaycan çempionatının səviyyəsi haqda nə deyərdin?
– Azərbaycan Basketbol Liqası haqda ancaq müsbət fikirlər səsləndirə bilərəm. Burada çox yüksək səviyyəli əcnəbi oyunçular top qovur. Bu liqada oynamaqla hər bir əcnəbi oyunçu potensialının daha da inkişaf etdirə bilər. Çempionatınızda hər şey ürəyimcədir.
– Eyni fikirləri “Sumqayıt” haqda da söyləyə bilərsən?
– Əlbəttə. Öz komandamı çox bəyənirəm. Biz hələ yeni komandayıq. Məhz bu səbəbə görə, mövsümə yaxşı başlamadıq. Amma sonradan bir-birimizə alışdıq və turlar ötdükcə nəticələrimiz yaxşılaşmağa başladı. Ümid edirəm ki, pley-offa vəsiqə qazanacağıq. Əlbəttə, ilk dövrədə keçirdiyimiz 9 oyunda cəmi 3 qələbə qazanmağımız elə də yaxşı nəticə sayıla bilməz. Amma nə edə bilərik, bu basketboldur, burada qələbə olduğu kimi, məğlubiyyət də var. Amma bir qədər əvvəl də qeyd etdiyim kimi, biz yeni komandayıq. Bizim problemimiz ondadır ki, bəzi oyunlarda 3 dəqiqə ərzində xal qazana bilmirik. Belə məqamlar məğlubiyyətə yol açır. Qalib gəlmək istəyiriksə, həm də yaxşı müdafiə olunmalıyıq. Bununla yanaşı, hücum qurarkən yaxşı ötürmələr etməliyik.
– Qarşıdakı illərdə hədəflərin nədən ibarətdir?
– Əlbəttə, nə vaxtsa Amerikaya qayıtmaq fikrim var. Amma bir müddət Avropada oynamağı arzulayıram. Ən böyük istəyim də burada Avroliqa komandalarından birinin diqqətini cəlb etməkdir. “Sumqayıt”da qalıb-qalmayacağıma gəlincə, bunu zaman göstərəcək. İndidən bu haqda heç nə deyə bilmərəm. Amma növbəti mövsümdə də bu komandada oynayacağımı istisna etmirəm.
– Heç olmasa, öz çıxışından razısan?
– Belə deyim də, hələ ki, öz oyunumu bəyənmirəm. Doğrusu, meydanda daha çox qalmaq istəyirəm. Mənim hazırda aqressiv oyuna ehtiyacım var. Ən böyük problemim budur.
– Sonda ikinci dövrə ilə bağlı proqnozun nədir? Qarşıda sizi müntəzəm çempionatda daha 9 oyun gözləyir. Səncə, komanda daha neçə qələbə qazanacaq?
– Minimum 6, maksimum 8 oyunda qalib gələ bilərik.