featured-image-41685

“Komandanı Premyer Liqada saxlamağa çalışacağıq”.

Msport.az-ın məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

47 yaşlı mütəxəssis mövsümün ikinci yarısının startına qədər görməli olduqları çox iş olduğunu söyləyib: “Qısa müddətdə komandanın fiziki durumunu yüksəltməyə və texniki-taktiki baxımdan inkişafına nail olmağa çalışacağıq. Əvvəlki dönəmlərdən fərqli olaraq, budəfəki qış fasiləsi qısadır. Ancaq bu müddətdə heyəti formalaşdırmalıyıq. Bu da gərgin iş tələb edir. Bəzi məqamları futbolçulara daha yaxşı aşılamağa çalışacağıq. Azarkeşlərin də dəstəyi ilə “Kəpəz”i Premyer Liqada saxlamaq üçün bütün gücümüzü səfərbər edəcəyik”.

Ötən ilin noyabrında baş məşqçi postuna təyin olunan Adil Şükürov komandanın ilk yarıdakı performansına da qiymət verib: “Komandanın oyunu ümidvericidir. Hədəfimiz heyəti bir qədər də gücləndirərək, turnir cədvəlində daha yüksək yerlərə qalxmaqdır. Bəzən bəxtsizlik, bəzən də oyun üslubundakı çatışmazlıqlar uğursuz nəticələrə gətirib çıxarıb”.

O, “Səbail”dən heyətə cəlb olunan hücumçu Amil Yunanova böyük ümidlər bəslədiklərini əlavə edib: “Amil Yunanovu “Zirə”də işlədiyim dönəmdən izləyirdim. Həmişə bəyəndiyim futbolçu olub. “Sumqayıt”ın heyətində Azərbaycan çempionatının bombardiri də olub. Komandamıza kömək edə biləcək futbolçu olduğunu düşünürəm. Bizdə daha çox oyun şansı qazanaraq əvvəlki formasını bərpa edəcəyinə inanıram. Amilin komandamıza faydası böyük olacaq”.

Qeyd edək ki, 18 turda 14 xal toplayan “Kəpəz” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bənzər xəbərlər