featured-image-46011

Azərbaycan millisinin uğuru üçün zaman lazımdır.

Msport.az-ın məlumatına görə, bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəf quruma rəhbər seçildikdən sonra ilk mətbuat konfransında deyib.

“Bu, yalnız meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun möhkəmləndirilməsi, akademiya səviyyəsində oyunçuların yetişdirilməsi və şəffaf hesabatın təmin olunması vacib məqamlardır. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var. Uşaq futbolunun, meydandakı ot örtüyünün beynəlxalq standartlara cavab verməsi, azarkeşlərin stadionlara cəlb olunması önəmli amillərdir”, – deyə milli assosiasiyanın rəhbəri vurğulayıb.

Futbol funksioneri yol xəritəsinin hələ hazır olmadığını söyləyib: “Çünki ilk iclası keçirdik. Qarşıya qoyulan ilk məqsəd qısa müddətdə strategiyanın hazırlanmasıdır. İstənilən layihəni həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyac var. Burada dövlətdən maliyyə yardımı edilməsindən yox, özəl strukturları cəlb etməkdən danışırıq. Həmçinin teleyayım keyfiyyətinin artırılması üzərində düşünməliyik. Özəl vəsaitlər, sponsorlar üzərində işləməliyik. Sadə səslənsə də, bunlar böyük inkişaf yolu tələb edən tədbirlərdir. Əminəm ki, futbol ictimaiyyəti olaraq bunun üçün birgə fəaliyyət göstərəcəyik”.

Rövşən Nəcəf qeyd edib ki, futbolun inkişafı baxımından media da ayrılmaz hissələrdən biridir: “Oyunların işıqlandırılması, müsahibələr, proqramlar mediasız mümkün deyil. AFFA olaraq media ilə daha sıx işləyəcəyik. Strategiya üzərində işlər aparıldıqdan sonra media nümayəndələri ilə müzakirə xarakterli görüş keçirə bilərik. Bağlı qapılar arxasında mediasız müzakirə olsa, daha rahat şəkildə hər kəs fikrini bildirə biləcək. Vaxtarışı mətbuat konfransları təşkil olunacaq”.

O, veteran futbolçuların da təcrübələrindən yararlanacaqlarını vurğulayıb: “Futbol icmasının bütün nümayəndələrindən bəhrələnəcəyik. Bunu proqram şəklində düşünəcəyik. Bu, müxtəlif tədbirlər vasitəsilə həyata keçirilə bilər. Futbol icmasının bütün üzvlərinin çiyin-çiyinə çalışmasını dedikdə bunu nəzərdə tuturam”. (Report)

Bənzər xəbərlər