featured-image-29805

Türkiyə ictimaiyyəti gördü ki, Azərbaycanda futbol yalnız “Qarabağ”dan ibarət deyil. Bu ölkədə Super Liqanın ilk “üçlük”dəki komandaları ilə  olmasa da, digərləri ilə mübarizə aparacaq klublar var. Əminəm ki, dünənə kimi Türkiyə əhalisinin 95 faizi “Sabah” adlı klubdan xəbərsiz idi. Amma Kaşukun 5 dəqiqəyə vurduğu 2 qol yəqin ki, onları fərqli düşünməyə vadar edəcək.

O ayrı məsələ ki, xeyriyyə matçı idi, “Beşiktaş” gücünü çox qoymaq istəmirdi, əsas heyətin bəzi oyunçuları sonradan meydana daxil oldular. Bu öz yerində, lakin Tural Qurbanov qonaqların qapısına penalti təyin edərkən Şenol Güneşdən tutmuş futbolçulara kimi reaksiyalarına baxanda hiss olunurdu ki, Bakıda uduzmağı heç ağıllarına belə gətirmirlər. Yaxud da Amin Seydiyev Umuta qarşı sərt oynayan kimi İstanbul təmsilçisinin bütün texniki heyəti buna reaksiya verdi. Bütün bunlar onu göstərir ki, Türkiyə Super Liqasında çempionluğa oynayan komanda “Sabah”a məğlubiyyəti həzm edə bilməzdi və bu normaldır.

Hər iki tərəfin açıq oyun göstərməsi, tribunadakı azarkeşlər, stadiondakı ab-hava, yəqin ki, şənbə günü Tofiq Bəhramov adına stadiona gələn hər kəsin futboldan həzz almasına səbəb oldu. “Sabah” bu tədbirə ciddi hazırlaşmışdı və əməlli-başlı maliyyə də ayırmışdı. Təsadüfi deyil ki, matçdan sonra Şenol Güneş də qeyd etdi ki, “Türkiyə Superkubokunu və ya hansısa rəsmi oyunlardan birini Bakıda keçirmək bizə ancaq xeyir verə bilər”.  Hərçənd illərdir, Superkubokun Bakıya salınması ilə bağlı fikirlər səslənsə də, Türkiyə Futbol Federasiyası nədənsə, bu addımı atmır.

***

Kaşuk dünən vurduğu qollarla qiymətini bir az da qaldırmış oldu. “Sabah” nəyin bahasına olursa-olsun, ukraynalı vingeri saxlamağa çalışacaq. Əslində başqa yolu da yoxdur, belə qısa vaxt ərzində bu cür səviyyəli oyunçu tapmaq, onun komandaya uyğunlaşması…bütün bunlar inandırıcı görünmür. Kaşuk isə “Sabah”da özünü suda balıq kimi hiss edir.

Hər nə qədər Murad Musayevin komandası haqqında müsbət fikirlər səsləndirsək də, bu heyətlə avrokuboklarda uzağa getmək çətin olacaq. Artıq ikinci hissə başlayanda hamı bilir ki, Musayev Apehin yerinə Volkovu, Kaşukun əvəzinə Anatoli Nuriyevi, bir də uzaqbaşı Telluru meydana buraxacaq. Bir sözlə, “Sabah”ın ehtiyat oyunçular skamyası geniş deyil, avrokuboklar zamanı kimsə zədə alsa və ya cəzalı duruma düşsə, baş məşqçinin əlinin altında heç “material” olmayacaq. Heyət mütləq şəkildə gücləndirilməlidir, əks halda elə birinci mərhələdəcə büdrəmə baş verə bilər.

Yaxşısı budur, yazını pozitiv ruhda başa vuraq. Cəmi altı ildir yaranan “Sabah” bu müddətdə sanki 20 ilin yolunu gəlib. Dünənki oyun da göstərdi ki, klub-komanda doğru addımlar atır, sadəcə bir balaca da komplektləşib gələn mövsüm “Qarabağ” qarşısına daha güclü və daha təcrübəli şəkildə çıxmaq olar.

ELNUR MƏMMƏDLİ  

Bənzər xəbərlər