Ayxan Abbasov: “İddialı olmaq istəyiriksə…”
“Maraqlı və sürətli oyun alındı. Təəssüf ki, qol vurduq, ofsayd oldu. Sonra isə qol buraxdıq”.
Msport.az bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIII turunda evdə “Sabah”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis gözləmədikləri ucuz qollar buraxdıqlarını bildirib: “Bundan sonra komanda toparlandı və iki qol vurdu. “Sabah”a qol vurmaq çətindir, amma bacardıq. İlk hissənin sonlarında daha bir qol buraxdıq. Dəyişikliklər etdik, bilirdik ki, rəqib bizi əks-hücumda tuta bilər. Futbolçularım tempdən düşmədi. Həqiqətən, çox təəssüf. Neçə oyundur, hücum planında yaxşı çıxış edirik, amma müdafiədə əskiklərimiz var. Son matçlarda həm standart vəziyyətlər, həm də xırda səhvlər bizə baha başa gəlir. Vaxt lazımdır, bu gün hücumda yaxşıya doğru gediriksə, deməli, müdafiənin də öhdəsindən gələ bilərik. Çempionat davam edir. Xal fərqi artsa da, mübarizəmiz davam edəcək. Möhtəşəm atmosfer var idi. Gələcək oyuna hazırlaşacağıq.
O, hakimliyin normal olduğunu söyləyib: “Sadəcə, çətin oyun oldu, fərdi mübarizələr çox idi. Fərdi səhvlərə yol verdik, komanda şəklində müdafiədə artırmalıyıq. Futbolçulardan bəzi elementləri istəyiriksə, hardasa nələrdəsə risk edirik. Sürətli, baxımlı oynamağa çalışırıq. Qolları səhvərdən buraxırıq. Böyük taktiki səhvlər olmur. Belə oyunlar lazımdır ki, oyunçular artırsın. İddialı olmaq istəyiriksə, belə matçlarda səhv etməməliyik. Komanda şəklində bunlardan qaçmalıyıq. Məsuliyyətli, diqqətli olmalıyıq. Rəqabətin olmasını istəyirik. Gələcəkdə hansısa oyunçuları dəvət edə bilərik, amma indinin işi deyil”.