featured-image-42939

Klublar Komitəsinin son iclasında hakimliklə bağlı məsələ ilə yanaşı, legioner limiti də müzakirə olunub. Bəzi klub rəhbərləri hazırki 7+4 sisteminin 8+3-ə dəyişdirilməsi təklifini irəli sürüblər. Deyilənə görə, bu məsələdə “Sabah”, “Neftçi” kimi yetərincə böyük büdcəyə malik  klubların nümayəndələri canfəşanlıq ediblər. “Qarabağ” isə əksinə, 7+4-lə davam etməyin zəruriliyini bildirib. Legioner limiti ilə bağlı mübahisələrə dünən “Sabah” – “Turan Tovuz” oyunundan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov gözəl sonluq qoydu.

Ayxan müəllimin “bu gün futbolun inkişafından danışırıqsa, limit ən axırıncı yerdədir” fikiri ilə razılaşmamaq mümkün deyil. Ölkədə istənilən səviyyədə infrastruktur mövcud deyil, “Zirə”, “Araz Naxçıvan” kimi avrokuboklara oynayan klubların bazası yoxdur. Bakı Olimpiya Stadionunun ehtiyat meydançaları olmasa, bizim klublar nə edər? Təsəvvür edin, “Zirə”, “Araz Naxçıvan”, “Qəbələ” bəzən, “Turan Tovuz” orda məşq edir. “Səbail” Bayıl stadionunu uzunmüddətli icarəyə götürüb, amma orda bir süni örtüklü meydan var, vəssalam. “Dənizçilər”in əsas komandası ilə yanaşı, bütün aşağı yaş qrupları da orada hazırlıq keçir.

Bu gün limitin artırılmasının tərəfdarlarından olan “Neftçi” illərdir Bakıxanovdakı bazanı tam hazır vəziyyətə gətirə bilmir. Halbuki “ağ-qaralar”ın bu ilki büdcəsinə hamı həsəd aparır.

Bəzən stadion çatışmazlığına görə, AFFA-nı qınayırlar. Lakin yaxşı ki, vaxtında “Dalğa”, “Bayıl Arena”, indiki “Neftçi Arena”nı tikib istifadəyə verdilər. Düzdür, bu məsələdə federasiyanın da yetərincə səhvləri oldu, Şamaxı və Ağsu kimi bir-birinə yaxın rayonlarda stadion tikincə, fərqli bölgələrdə bunu həyata keçirsəydilər, daha çox xeyiri dəyərdi. Amma heç olmasa, AFFA bunu da olsa edib. Bəs klublar?

Düzdür, indi uşaq futboluna ən çox diqqət yetirən klub “Sabah”dır. Amma bu da yetərli səviyyədə deyil. Həm də “Sabah” axı özü hələ heç nə tikib yaratmayııb. “Əlincə Arena”nı o vaxt aldılar, adını dəyişib yaxşı təmir etdilər. Aşağı yaş qrupunun komandaları oyunlarını “ASK Arena”da keçirir. Hətta Akademiya yarananda belə, “Vətən”in bazasından yararlandılar.

“Neftçi” zədəli Olanareni gətirib ziyana düşüncə, o pulu uşaq futboluna xərcləyə bilməzdimi? Və ya “Sabah” hələ də Sebalyosa boşuna maaş verir. Bu futbolçunun kluba nə vaxt xeyir verdiyini xatırlayan yoxdur. Eləcə də “Zirə”nin Paxtmanı. Hər dəfə meydana daxil olan kimi zədələnir, amma klubda qalır və pulunu alır. Axı həmin məbləğləri uşaq futboluna xərcləmək olar. Dindirsən, hamısı uşaq futbolunun problemlərindən, meydan çatışmazlığından ürək ağrısı ilə danışacaq, əməli işə gələndə isə…

Ayxan Abbasovun təbirincə desək, təəssüf ki, bəzi klublar bütün pulunu əsas komandaya xərcləyir.

Bənzər xəbərlər