“Azərbaycan çempionatı çoxlarının təsəvvür etdiyindən fərqlidir”
“Azərbaycan çempionatı çoxlarının təsəvvür etdiyindən fərqlidir”.
Msport.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu ölkəsi Rumıniyanın “iAMSport” nəşrinə açıqlamasında deyib.
44 yaşlı mütəxəssis Premyer Liqada bu mövsüm gərgin mübarizə getdiyini bildirib: “Hər şey qaydasındadır. Burada futbol Rumıniya ilə müqayisədə daha çox fiziki gücə əsaslanır. Liqanın səviyyəsi yaxşıdır. Əvvəlki illərdə 1-2 komanda fərqlənirdisə, bu mövsüm daha çox balans var. Beş iddialı komanda çıxış edir”.
Mutu Rumıniyanın qış fasiləsində ÇFR klubuna keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. O, bu məlumatı təkzib edib: “Bununla bağlı heç bir müzakirə aparılmayıb. Mövzuya toxunmağın mənası yoxdur”.
Qeyd edək ki, Adrian Mutunun rəhbərliyi altında bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 22 xal toplayan “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Rumıniyalı mütəxəssisin bakılılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.







