Azərbaycan çempionatları tarixinin 5-cisi
Azərbaycan Premyer Liqasının X turu “Səbail”in qapıçısı Səlahət Ağayev üçün yubileylə əlamətdar olub.
Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper Azərbaycan çempionatları tarixində 250-ci oyununu keçirib. Bu, “Neftçi” ilə ev görüşünə (2:4) təsadüf edib.
Təcrübəli çərçivə qoruyucusu 250 matçda 255 top buraxıb. O, hər qarşılaşmada orta hesabla 1,02 dəfə öz qapısında qol görüb.
S. Ağayevin debütü 2010/2011-ci illər mövsümündə gerçəkləşib. Həmin vaxt MOİK-də (8 oyun, 8 qol buraxıb) çıxış edən qolkiper “Səbail”ə (10, -15) qədər “Şamaxı” (90, -74), “Sumqayıt” (39, -50), “Neftçi” (56, -50), “Sabah” (17, -20) və “Qəbələ”də (30, -38) də forma geyinib.
Karyerası ərzində Premyer Liqanın 7 klubunda çıxış edən S. Ağayev ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 5-ci qapıçı kimi düşüb. Yarışın 31 illik tarixində yalnız 4 qolkiper daha çox matça çıxıb.