Azərbaycan çempionatlarının qalibləri
Çimərlik futbolu üzrə 15 yaşadək oğlanlar və 17 yaşadək qızlar arasında Azərbaycan çempionatı keçirilib.
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səkkiz komandanın iştirak etdiyi U-15 oğlanlar çempionatının finalında “Azart” və “Baku Football Academy” komandaları üz-üzə gəliblər. Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan “Azart” yarışın qalibi olub. Turnirin bürünc mükafatına “Səbail” yiyələnib. Fuad Muradov (BFA) 11 qolla çempionatın bombardiri olub. Sirac Quluzadə (“Səbail”) ən yaxşı qapıçı, Yaqub Səmədov (“Azart”) ən yaxşı oyunçu seçilib.
U-17 qızların mübarizəsində “Sabah” çempion olub. “Baku Sporting” ikinci, “Əhmədli Yunayted” üçüncü yeri tutub. “Sabah”ın hücumçusu Tərgül Qəniyeva 8 qolla ən məhsuldar oyunçu olub. Nərgiz Ağalıyeva (“Baku Sporting”) ən yaxşı qapıçı, Aylin Kərimova (“Sabah”) ən yaxşı futbolçu adına layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın baş məşqçisi Sahib Məmmədov və millinin oyunçuları Orxan Məmmədovla Elçin Qasımov iştirak ediblər. Çimərlik futbolu yarışlarındakı xidmətlərinə görə isə “Qaradağ” komandasının baş məşqçisi Adil Babayev xususi diplomla təltif olunub.