“Azərbaycan millisi çox yaxşı müdafiə olunur”
“Azərbaycan millisi çox yaxşı müdafiə olunur. Ona görə də Bakıda matç bizim üçün asan olmayacaq”.
Msport.az xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
48 yaşlı mütəxəssis Bakıdakı matçda hücum futbolu oynayacaqlarını bildirib: “Səfər qarşılaşmasında mərkəzdən irəli ötürmələrlə oyuna üstünlük verəcəyik. Ötürmələri geriyə və ya cinahlara doğru etsək, çox qol şansı yaratmayacağıq. Oyuna nəzarət edə bilmək üçün topa daha çox sahib olmalısan. Darıxdırıcı futbol oynamaq istəmirik. Məncə, doğru yanaşma da məhz budur”.
O, İsveç yığmasının ötən il Avropa çempionatının seçmə mərhələsində Bakıda Azərbaycana 0:3 hesabı ilə uduzduğu matça da toxunub: “Həmin oyunu izləmişdim. Düşünürəm ki, böyük hesablı məğlubiyyətə erkən qollar səbəb oldu. Odur ki, qarşıdakı oyunda buna hazır olmalıyıq”.
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.