"Azərbaycan millisi topla çox yaxşı rəftar edir"
“Meydanda bərabər mübarizə gedəcək. Məşqlərdə etdiklərimizi oyunda həyata keçirməyə çalışacağıq. Eyni səhvlərin bir daha təkrarlanmaması üçün düzəlişlər və təhlillər etmişik”.
Msport.az xəbər verir ki, bu sözləri Estoniya yığmasının futbolçusu Karl Yakob Heyn evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
İngiltərənin “Arsenal” klubunda çıxış edən 21 yaşlı qolkiper hər iki hissədə yaxşı oynamalı olduqlarını bildirib: “Bakıdakı ilk matçın ikinci hissəsində o qədər də yaxşı çıxış etmədik. Qoldan sonra təşəbbüs itdi, azərbaycanlılar da öz oyunlarında taktiki düzəlişlər etdilər. Sabah hər şeyə hazır olmalıyıq. Doğma meydan və azarkeş amili 90 dəqiqə ərzində bizə əlavə stimul verəcək”.
O, Azərbaycan millisinin topla çox yaxşı rəftar etdiyini vurğulayıb: “Həm daxili çempionatda, həm də Avropanın müxtəlif ölkələrində oynayan futbolçuları var. Kifayət qədər diqqətli olmalı və hər şeyi düzgün etməliyik. Futbolda qalib gəlmək üçün qol vurmaq lazımdır”.
Gənc qapıçı hər oyuna qələbə üçün çıxdıqlarını söyləyib: “Hər matçda qalib gəlməyə, yaxşı nəticə əldə etməyə çalışırsan. Bu baxımdan bütün oyunlar eynidir. Rəqib komandanın hansı səviyyədə olması önəmli deyil. Komandamızda liderlik keyfiyyəti olan oyunçular var. Hər kəsin içində bir az idman qəzəbi olmalıdır”.
Qeyd edək ki, oktyabrın 13-də “Le Kok Arena”da keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.