Azərbaycanda oynamış rumıniyalı: "Qarabağ"ın cüzi üstünlüyü var"
“Bizi maraqlı oyun gözləyir. “Qarabağ” və FKSB yaxşı komandadır”.
Bu sözləri Msport.az saytına açıqlamasında “Xəzər-Lənkəran”, “İnter” və “Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake deyib.
Sabah Bakıda “Qarabağ” və FKSB arasında keçiriləcək Avropa Liqasının oyunu barədə danışan rumıniyalı müdafiəçi matçın hər iki komanda üçün vacib olduğunu bildirib: “Çünki qrupdan çıxmaq istəyirlər. Bu mənada, çox gərgin və maraqlı görüş olacaq”.
O, şansları bərabər qiymətləndirib: “Bəlkə də “Qarabağ”ın cüzi üstünlüyü var. Çünki FKSB-nin mühüm oyunçuları zədələdir. Kapitan, ən yaxşı oyunçu və digər 3 önəmli futbolçu matçı buraxacaq. Düşünürəm ki, yaxşı oyun olacaq. Çünki FKSB də “Qarabağ” kimi hücum etməyi və qol vurmağı sevir. Fikrimcə, hər iki komanda qol vuracaq”.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.