“Azərbaycanlı oyunda diqqətli və məsuliyyətli olacağıq”
“Azərbaycanla oyunda müdafiəni unutmaq olmaz”
Msport.az xəbər verir ki, bunu Slovakiyanın U-21 millisinin futbolçusu Timofey Jambor deyib.
21 yaşlı hücumçu Azərbaycanla bu gün keçiriləcək yoldaşlıq matçı barədə fikirlərini açıqlayıb: “Bu, bizim üçün gələn il keçiriləcək Avropa çempionatı öncəsi daha bir hazırlıq oyunudur. Uzun müddətdir məşqdə üzərində çalışdıqlarımızı Azərbaycanla matçda göstərmək istəyirik. Meydana qələbə üçün çıxacağıq. Hamımızı razı salacaq oyun nümayiş etdirmək istəyirik. Azərbaycan millisinin müdafiə xəttini yarmaq asan olmayacaq. Belə rəqiblə oynamaq hücum futbolu göstərən komanda ilə qarşılaşmaqdan daha çətindir. İnanıram ki, meydançanın rəqibə aid hissəsində yüksək keyfiyyət nümayiş etdirəcəyik və kifayət qədər şanslar yaradacağıq. Bir neçə qol vəziyyətinin olacağını düşünürəm ki, bunlardan yararlanmağa çalışacam”.
Forvard yığmamızın əks-hücumlarından ehtiyatlandığını gizlətməyib: “Azərbaycan daha çox müdafiədə oynayır. Ona görə də yəqin ki, bizdə meydana daha çox hücumameyilli futbolçular çıxacaq. Amma müdafiəni də unutmaq olmaz. Rəqibi qiymətləndirməmək, qol buraxmaq çox asandır. Bu, heç birimizin istəmədiyi nəticəyə gətirib çıxara bilər. Müdafiədən hücuma qədər diqqətli və məsuliyyətli oynamalıyıq ki, matçın sonunda sevinək”.
Qeyd edək ki, bu gün keçiriləcək Slovakiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.