featured-image-44376

“Qarabağ”ın Avroliqanın 1\8 final mərhələsində “Bayer”lə oyununa 5 gün qalır. Yenə aləm dəyib bir-birinə. Biletlər qısa vaxt ərzində satılıb qutardı, hələ üstəlik, iticket.az-ın saytı da çökdü. Gəldik çıxdıq, bütün tanışların bir-birinə zəng edib, “bəlkə, biletin olar” soruşmaq mərhələsinə. Polis rəisindən tutmuş, N saylı nazirliyin şöbə müdirinə, şou biznes nümayəndəsindən iş adamına kimi hamı bilet axtarır.

Bundan gözəl nə ola bilər ki? Xalq “Qarabağ”ı sevir, ona dəstək olmağa gəlir, stadionu tam doldurur. Hətta komanda mərhələ keçəndə stadionu tərk etməyib sonadək arenada qalır, futbolçuları alqışlayırlar.

Amma həmin xalq həm də “Qarabağ”a nifrət edir. Necə? Avrokubokdakı 30 minlik oyundan sonra həmin Tofiq Bəhramov stadionuna “Sumqayıt”la matça 560 nəfər gəlir. “Bayer”lə görüşdən qabaq  bilet tapmaq üçün dəridən-qabıqdan çıxan, hər qiymətə bilet almağa hazır olan, stadionda komandanı sonadək dəstəkləyənlərin 90 faizi “Sumqayıt”la oyunda harda olur? Çox da uzaqda olmurlar. Bəlkə də “Gənclik Mall”da “şoping” edirlər, ya “Starbucks”da kofe içirlər, ya da “Topqapı”da, “Kəndimiz”də antrikotu dişlərinə çəkirlər. Deməli, azərbaycanlılar Avropa Liqasında stadiona həm də “Bayer”i, “Braqa”nı, və ya “Marsel”i görməyə gedirlər.

İllər sonra Sumqayıtda gözəl stadion tikildi. 2023-cü ilin məlumatına əsasən, şəhərin 426 min əhalisi var. Bunun çox yox, 2 faizi stadiona gəlsə, arena dolar. Açılış oyununda vəlvələdənmi-zəlzələdənmi, tribunalar doldu. Bilmirəm, gələnlərin çoxu büdcə təşkilatları işçiləri idi, ya “Neftçi”nin adına-sanına yığışmışdılar, ya da Hissin olmayan səsinə qulaq asmağa. Dünən “Kəpəz”lə matçda 9502 nəfər tamaşaçı tutumuna malik Mehdi Hüseynzadə adına stadionda 800 nəfər var idi. Özü də “Sumqayıt” ötən illərdəki kimi autsayderlər qrupunda yox, liderlər arasındadır.

“Kəpəz”ə 1:3 hesablı məğlubiyyətdən sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov gözünü yumub, ağzını açdı: “Açılış matçında stadion dolu idi. Deməli sən bura futbolçulara, komandaya görə yox, müğənnilərə görə, Hissə görə gəlmisən. Get, otur evində bax. Futbolçulara, komandaya nəsə demək istəyirlərsə, gəlsinlər stadionu doldursunlarDünənə kimi stadion davası edən insanlar var idi. Bu cür stadion tikilib. Onlara görə oyunun vaxtını dəyiş ki, uyğun olsun. Oyuna 200 nəfər gəlir. Heç kimin danışmağa ixtiyarı yoxdur”.

S.Abasovla razılaşmamaq mümkün deyil, amma bu peşəkar baş məşqçiyə yaraşan açıqlama deyil. Yadınızdadırsa, Abasov “Neftçi”də işləyərkən də fanatlarla bir ara problemi yaranmışdı. Bəzən həqiqəti olduğu kimi dilə gətirib təqdim etmək məsləhət deyil. Qurbanova da azarkeşlərlə bağlı suallar verilir, lakin o, həmkarından fərqli olaraq suyu da üfürə-üfürə içir və heç vaxt bu məsələdə açıq danışmır. Samir Abasovun dedikləri həqiqət olsa da, yaxın vaxtlarda “Sumqayıt”da onu yeni problemlərin gözləməyəcəyinə heç kim təminat verə bilməz.

Bənzər xəbərlər