“Barselona” mövsümü zərərlə başa vurub
“Barselona” rekord həddə – 1,06 milyard avro gəlir əldə etməsinə baxmayaraq, 2025/2026 mövsümünü 18 milyon avro zərərlə başa vurub.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi ardıcıl üçüncü maliyyə ilini zərərlə bağlayıb.
Bununla belə, klubun əməliyyat fəaliyyəti təxminən 200 min avro mənfəət gətirib. “Barselona”nın sponsorluq müqavilələrindən gəlirləri 265 milyon avroya yüksəlib. Klubun lisenziyalaşdırma və merçandayzinqlə məşğul olan bölməsi isə 208 milyon avro gəlir təmin edib ki, bu da əvvəlki illə müqayisədə 40 milyon avro çoxdur.
Lakin hesabatda klubun sponsoru olan şirkətin dəyəri 23 milyon avro azaldılaraq 116 milyon avroya endirilib. Həmçinin əvvəllər investorların ödənilməmiş öhdəlikləri səbəbindən də klub böyük itkilərə məruz qalıb.
Kataloniya təmsilçisi növbəti maliyyə ili üçün 1,195 milyard avro gəlir planlaşdırıb və təxminən 1 milyon avro mənfəət əldə etməyi nəzərdə tutub.







