Başına top dəyən 18 yaşlı futbolçu ölüb
Argentina futbolunda faciəli hadisə baş verib.
Msport.az xəbər verir ki, “Eseyza” klubunun 18 yaşlı futbolçusu Abel Nunyes oyun zamanı başına top dəyməsi nəticəsində aldığı ağır zədədən sonra vəfat edib.
Hadisə “Eseyza” və “Deportivo Munyes” komandaları arasında keçirilən gənclər turnirinin oyununda baş verib. Argentina Futbol Assosiasiyasının təşkil etdiyi yarışın beşinci divizionunda çıxış edən futbolçu rəqib oyunçunun topu uzaqlaşdırmaq istəyərkən etdiyi güclü zərbədən sonra başından ağır xəsarət alıb.
Topun birbaşa başına dəyməsi nəticəsində Nunyes huşunu itirərək yerə yıxılıb. Meydanda ona ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya çatdırılıb. Hadisədən sonra qarşılaşma dayandırılıb, ardınca keçirilməsi nəzərdə tutulan digər gənclər oyunu da ləğv edilib.
Həkimlər futbolçunu əməliyyat etsələr də, onun vəziyyətində müsbət dəyişiklik olmayıb. Nunyes xəstəxanada həyatını itirib.
Qeyd edək ki, 2008-ci il təvəllüdlü Abel Nunyes “Eseyza”nın gənclər komandasında 10 nömrəli forma ilə çıxış edib.







