Beyl “Sevilya”nı almaq istəyir: 500 milyonluq plan
“Real”ın sabiq futbolçusu Qaret Beyl “Sevilya”nın mümkün yeni sahibləri arasında yer ala bilər.
Msport.az xəbər verir ki, uelsli sabiq futbolçunun məsləhətçi olduğu ABŞ-nin “Juggernaut Capital Partners” investisiya fondu İspaniya klubunun səhmlərinin nəzarət paketini almaq imkanını nəzərdən keçirir.
“Sevilya”nı əldə etmək istəyən digər tərəf isə səudiyyəli iş adamları Mansur və Hayder Said qardaşlarına məxsus “HD Ventures” şirkətidir. Hər iki investor qrupu klubun səhmlərinin 85 faizinə qədərini almaqda maraqlıdır.
Potensial sövdələşmənin dəyəri təxminən 500 milyon avro qiymətləndirilir. Bu məbləğə 60 milyon avroluq xalis borc və kapitalın 80 milyon avro artırılması planı da daxildir.
Klubun satışı ilə bağlı danışıqlarda “Goldman Sachs” maliyyə qurumu vasitəçilik edir. Daha əvvəl “Sevilya”nı almağa çalışan sabiq futbolçusu Serxio Ramosun rəhbərlik etdiyi investor qrupunun danışıqları nəticəsiz qalıb.
Qeyd edək ki, 37 yaşlı Qaret Beyl “Real”ın heyətində beş dəfə Çempionlar Liqasının qalibi olub. O, 2023-cü ilin yanvarında futbolçu karyerasını başa vurub.







