Bəhlul Mustafazadə: “Millidə ikiqat çalışırıq”
Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustana qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, o, mətbuat konfransında əvvəlcə sabahkı görüş barədə fikirlərini bölüşüb: “Fərqli futbol mədəniyyətlərinə malik komandalarla oynayacağıq. Bizim üçün yaxşı təcrübə olacaq. Qarşıdakı 2 matçda həm yaxşı oyun sərgiləməyə, həm də qələbə qazanmağa çalışacağıq”.
Müdafiəçi millidəki ab-havanın yüksək səviyyədə olduğunu bildirib: “Hər şey qaydasında gedir. Plana uyğun çalışamalarımızı davam etdiririk”.
B.Mustafazadə bildirib ki, son zamanlar sıx qrafikdə oynamaları “Qarabağ”ın futbolçularının millidəki çıxışına təsir etməyəcək: “Bu, milli komandadır. Nə olur, olsun, çətinliyə, yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat çalışırlar. O cümlədən də biz”.
“Qarabağ”ın üzvü “Bayer”lə matçın sonunda qaçırdığı qol epizodunun ona psixoloji cəhətdən mənfi təsir etmədiyini söyləyib: “Hər şey qaydasındadır. “Bayer”ə qarşı 2 gözəl oyun keçirdik. Azərbaycan xalqı bu mübarizədən məmnun qaldı. Uduzmağımız psixoloji cəhətdən problem yaratmadı. 100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdur”.