“Bəzi mövqelərdə rəqabət yoxdur” – Elmar Baxşıyev
“Bərabər səviyyəli oyun getdi. Çox sayda hücum təşkil etdik, sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Mövsümün sonuna kimi bir az motivasiyanı yüksəldib oynamaq vacibdir”.
Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XXXI turunun “Səbail”lə görüşündən (0:2) sonra mətbuat konfransında deyib.
Naxçıvan təmsilçisinin çalışdırıcısı jurnalistlərin suallarını da cavablandırıb:
– Komandada qalası olsanız, heyətdə çoxlu dəyişikliklər edəcəksiniz?
– Yaxşı oyunçular var. Ad çəkməyəcəyik. Hər bir komandaya əlavələr vacibdir. Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq.
– Neçə turdur ki, uduzursunuz. Bu məqam psixoloji cəhətdən komandaya necə təsir edir?
– Çalışırıq ki, komandanın üzərində təzyiq olmasın. Bu gün məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil. Oyunçular meydanda çalışırlar. Ani diqqətsizlik nəticəsində qapımızda iki standart vəziyyətdən qol gördük. Bu da qaçılmazdır.
– Hakimliklə bağlı fikriniz necədir?
– Bugünkü oyundan danışırıqsa, hakim oyunun nəticəsinə təsir etmədi. Sadəcə, bəzi epizodlarda mübarizəni davam etdirə bilərdi. Amma çox xırda foaullarla müdaxilələr etməyə çalışırdı. Bu gün hakimlik pis deyildi.