"Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq ağır gəlir"
“Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCKSB-yə 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilk növbədə azarkeşlərə təşəkkürünü bildirib: “Avropa Liqasının bütün ev oyunlarında bizimlə bərabər oldular. FKSB ilə matçda da sona qədər bizə inandılar. Düşünürəm ki, azarkeşlərin buna haqqı çatırdı. Təəssüf ki, bu mövsümkü çıxışlarımız uğurlu alınmadı. Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir. Belə hallar futbolun xoşagəlməz tərəfləridir. Bir neçə qol şansı yaratdıq. Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı. Bakıdakı son oyunumuzda qələbə qazanmaq istəyirdik. Hər bir halda pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq”.
O, bu görüşdə qapıda Fabian Buntiçə şans verməsinin səbəbini açıqlayıb: “Koxalski zədəli olduğu üçün Buntiçə şans vermişdim. Buna görə peşman deyiləm. Qolların təkrarına baxdım. Düşünürəm ki, çətin toplar idi, Buntiçi günahlandırmaq istəməzdim”.