"Bizi ciddi komandaya qarşı mübarizə gözləyir" - "Dinamo"nun baş məşqçisi
Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-off mərhələsinin sabah “Qarabağ”la keçiriləcək ilk oyunundan əvvəl mətbuat konfransı keçirib. Msport.az xəbər verir ki, jurnalistlərin suallarını onunla yanaşı futbolçu Sandro Kulenoviç də cavablandırıb.
Yakiroviç əvvəlcə “Qarabağ” barədə fikirlərini bildirib: “Bizi uzun müddətdir ki, bir yerdə oynayan ciddi komandaya qarşı mübarizə gözləyir. Maksimum konsentrasiya olmalıyıq. Onlar ötən mövsüm “Bayer”i gərginlikdə saxladılar. Bu il III təsnifat mərhələsində səfərdə 7 qol vura bildilər. Bu bizim üçün böyük xəbərdarlıqdır. Bu komandada bir neçə individual üstünlükləri olan futbolçular çıxış edir. Biz maksimum konsentrasiya olmalıyıq”.
Yakiroviç heyətdə ciddi itkilərinin olmadığını qeyd edib: “Kapitan Ademidən başqa hamı sağlamdır və hazırdır. Görək o, son məşqdə necə təsir bağışlayacaq”.
“Kulinoviçin mətbuat konfransında iştirak etməsi o deməkdirmi ki, sabah oynayacaq” sualını baş məşqçi belə cavablandırıb: “Onun mənim yanımda olmaqdan xoşu gəlir. Biz hələ heyəti müəyyənləşdirməmişik”.
Sandro Kulinoviç: “Bütün analizlərdə görünən odur ki, rəqibimizin əsas gücü hücumdur. Hücumda çox yaxşı oyunçuları var. Mən yarımmüdafiəçilər Zubir və Benzianı, hücumçu Juninyonu qeyd edərdim. Onların “əzələsi” Romao da var. Bu dörd futbolçu daha çox təhlükə yaradırlar. Görək, onların müdafiəsi zəif təsir bağışlayacaqmı? “Qarabağ”ın da zəif cəhətləri var. Məncə, biz onlara təhlükə yarada bilərik. İstərdim ki, sabah hər şey həll olunsun. Lakin bilirəm ki, bu, birinci hissədir. Bu mərhələdə zəif rəqib olmur. Hamısı öz ölkələrinin çempionlarıdır. Bu komandanın 6-7 yerli futbolçusu var, qalanları legionerlərdir. Bizi çətin oyun gözləyir”.