Boatenq “Barselona” ilə anlaşdı
Boatenq “Bayern”dən rədd cavabı aldı, İspaniya nəhənginə üz tutdu
“Bavariya” sabiq oyunçusu Jerom Boatenqin klubda məşqçilik təcrübəsi keçmək istəyini geri çevirib.
Msport.az xəbər verir ki, buna Münhen komandasının fanatlarının etirazları səbəb olub.
Boatenq bir neçə il əvvəl sevgilisinə qarşı məişət zorakılığında ittiham olunmuş və bununla bağlı ona cinayət işi açılmışdı. Göründüyü kimi, almanlar hələ də bu faktı unutmayıblar. “Bavariya” müdafiəçinin karyerasının sonunda məhz bu səbəbdən yeni müqavilə imzalamaq istəməmişdi.
Boatenq artıq məşqçi təcrübəsi keçmək üçün alternativ tapıb. O, “Barselona” ilə on günlük hazırlıq kursuna qatılmağa razılaşıb. Gənc mütəxəssisə əsas komandanın məşqində iştirak etməyə, məşqçilər korpusuna yaxın olmağa və akademiyanın metodlarını müşahidə etməyə icazə verilib.
Qeyd edək ki, Jerom Boatenq 2011-2021-ci illərdə “Bavariya”da çıxış edib.







