Messi Karlos Tevezin vida matçında iştirak edəcək
Argentina millisinin kapitanı Lionel Messi sabiq komanda yoldaşı Karlos Tevezin vida matçında iştirak edəcək.
Msport.az xəbər verir ki, bu barədə “Son rəqs” adlanan tədbirin təşkilatçıları rəsmi sosial şəbəkə hesabında məlumat yayıblar.
Messi ilə yanaşı, Xuan Roman Rikelme, Serxio Aquero, Rio Ferdinand, Martin Palermo, Canluici Buffon və Leandro Paredesin də qarşılaşmada iştirak edəcəkləri təsdiqlənib.
Qeyd edək ki, Messi və Tevez Argentina millisinin heyətində 2006 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında birlikdə çıxış ediblər.
2022-ci ilin iyununda futbolçu karyerasını başa vuran Tevez “Boka Xuniors”, “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi klubların formasını geyinib.







