"Braqa" ilə oyundan qalib ayrıla bilərik" - Julio Romao
UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və Julio Romao bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. Msport.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi sabahkı oyunda qələbə qazana biləcəklərini bildirib:
“Baş məşqçimiz qeyd etdi ki, bizi sabah çox çətin mübarizə gözləyir. Komandamızda bir çox futbolçular var ki, Poürtuqaliyada çıxış ediblər. “Braqa”ya qarşı oynayıblar. Bilirik ki, “Braqa”ya qarşı oynamaq nə deməkdir. Bu komandanın gücünə bələdik. Baş məşqçimiz də qeyd etdi ki, həm sürətli oynayırlar, həm də topla oynamağı sevirlər. Buna baxmayaraq, çalışacağıq ki, layiqli mübarizə aparaq və baxımlı futbol göstərək”.
Braziliyalı futbolçu “Braqa” ilə matçın hansı formada keçəcəyi ilə bağlı suala belə cavab verib: “Sabahkı oyunun nəticəsini detallar həll edəcək. ” Braqa” ilə oyundan qalib ayrıla bilərik. “Braqa” ciddi rəqibdir, amma bu, Avropa Liqasıdır, başqa səviyyəli turnirdir. Rəqibi tanımaq üçün kifayət qədər vaxtımız olub. Bu səbəbdən oyunun nəticəsini bəzi xırda detallar həll edəcək. Hər iki komanda qalib gələ bilər”.
Vaxtilə Portuqaliyada “Santa Klara” klubunda çıxış etmiş Romao Qurban Qurbanovun “Braqa” haqqında ondan hər hansı məlumat almadığını deyib: “Baş məşqçimiz bununla bağlı məndən heç nə soruşmayıb. “Braqa”nın oyunlarının videolarını izləmişik. Baş məşqçimiz də bildirdi ki, “Braqa” sürətli və hücuma meyilli oyun göstərən komandadır”.
“Qarabağ”ı tanımayan portuqaliyalılar üçün komandanızı necə xarakterizə edərdiniz” sualına Romaonun cavabı belə olub: “Həm çempionatda, həm də Avroliqa matçlarında topu ələ keçirən kimi sürətli əks-hücumlardan istifadə edirik. Düşünürəm ki. bu bizim ən təhlükəli tərəflərimizdən biridir. Azərbaycan Premyer Liqasında bəzən elə olur ki, rəqiblər meydanın özlərinə aid hissəsinə qapanırlar, bu zaman topa nəzarət bizdə olur”.
Romao “Braqa”nın heyətində təhlükə gözlədikləri futbolçuların adlarını çəkib: “Ən təhlükəli oyunçu Əl-Musratini hesab edirdim. O, isə artıq “Braqa”nı tərk edib. Bruma və Calo hücumda aktiv iştirak etdikləri kimi müdafiəyə də kömək edirlər. Ona görə bu oyunçuları xüsusi qeyd edərdim”.
“Qarabağ”ın “6 nömrəsi” “Braqa” ilə Leverkuzen “Bayer”ni müqayisə edib: “Leverkuzen klubunun topa nəzarəti, etdikləri pressinq inanılmazdır, bunu çox möhtəşəm şəkildə yerinə yetirirlər. Bu komandaları müqayisə edə bilmərəm. Amma “Braqa”da “Braqa”dır. “Braqa” illər boyu öz nüfuzunu, adını qoruyub saxlamış komandadır. İnanmıram ki, “Bayer”lə oyunda çəkdiyimiz çətinliyi sabahkı matçda çəkək”.