"Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq" - "Sürix"in futbolçusu
“Sürix” klubunun futbolçusu Blerim Cemayli “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə “Blick” nəşrinə açıqlama verib.
Msport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi cavab matçına böyük inamla çıxacaqlarını deyib:
“Cavab matçı fərqli olacaq. Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq”.
Cemayli Çempionlar Liqasının təsnifat mərhələsinin həmişə ağıllarında olduğunu bildirib: “Komandamızda bu turnirdə çıxış etməyən oyunçular çoxdur. Qrup mərhələsinə vəsiqə qazanmaq hər kəsin arzusudur”.
O, hələlik bu səbəbdən ölkə çempionatını hələlik ikinci plana atmalarının normal olduğunu söyləyib.
Qeyd edək ki, iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda “Qarabağ” Azərbaycan 3:2 hesabı ilə qalib gəlib.