featured-image-44773

“Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu gün qalib gələ də bilərdik”.

Msport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, 3:3 hesabı ilə başa çatan ev qarşılaşması barədə fikirlərini açıqlayıb: “Hesabda öndə olduğumuz anlarda qollar buraxdıq. Bu gün 1 xal qazandıq. Maraqlı derbi alındı. Futbolçularım əziyyət çəkdilər, sonadək vuruşdular. Lazım olan 1 xalı əldə etdik. Məqsədimiz Premyer Liqada qalmaqdır ki, buna görə də xallar qazanmalıyıq”.

Şükürov “Kəpəz”in növbəti oyunlarını harada keçirəcəyi ilə bağlı sualı da cavablandırıb: “Sumqayıtda oynamaqla bağlı belə bir şey yoxdur. Bu məsələnın haradan çıxdığını bilmirəm. “Azersun Arena” desəydilər, daha inandırıcı olardı. Rəhbərliklə bu haqda danışırıq, meydança axtarırıq. Hansı uyğun olsa, orada oynayacağıq. Sumqayıt isə uzaqdır”.

Baş məşqçi məhsuldarlığın artmasının səbəbini izah edib: “Komanda hücum etməyi bacarmalıdır. Müdafiə xəttində də problemlərimiz var, çox qol buraxırıq. Bunun da üzərində işləyəcəyik”.

Şükürov ayrı-ayrı futbolçularla bağlı sualları da cavablandırıb: “Georgi Papunaşvilini bu gün əsas heyətdə düşünürdük. Özü matçdan əvvəl dedi ki, qasıq nahiyəsində ağrıları var. Bu gün onu qorumağa qərar verdik. Adama Nianenin əsas komandadan göndərilməsi daxili nizam-intizamla bağlı idi. Hələlik əvəzedicilərin heyətində qalacaq”.

Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər