"Bu oyundan çoxlu dərs çıxarmaq olar" - "Ludoqorets"in baş məşqçisi
Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a öz meydanında 2:7 hesabı ilə uduzan “Ludoqorets”in baş məşqçisi Qeorqi Dermendjiyev biabırçı məğlubiyyətdən sonra özündə güc taparaq açıqlama verib.
Msport.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis “Qarabağ”la görüşün onlar üçün bir dərs olduğunu bildirib:
“Ağır itkidir. Biz çoxlu səhvlərə yol verdik və bu, problemlərə gətirib çıxardı. Üstəlik erkən qol buraxdıq.
Belə oyunları analiz etmək çətindir. Oyunun sonlarında çox riskə getdik, bu səbəbdən çox qol vuruldu. “Ludoqorets” hesab bərabər olanda, irəli keçmək üçün çalışdı. Lakin matçın bu hissəsindən sonra yaxşı oynamadıq. Futbolçular Avropada qalib mədəniyyətinə yiyələnməlidirlər. Belə oyunlardan çoxlu dərs çıxarmaq olar və futbolçular inkişaf edə bilər. Təəssüf ki, başqa cür ola bilərdi, lakin reallıq budur. “Levski” ilə oyuna 4 gün qalıb. Onlarla oyunun təxirə salınlıb-salınmayacağı barədə sonra qərar veriləcək.