"Bu yarışda pis çıxış etdik" - Millimizin baş məşqçisi - VİDEO
17 yaşadək futbolçulardan ibarət milli komandamız Minskdə başa çatan “İnkişaf kuboku” turnirində sonuncu – 8-ci yeri tutdu. Yığmamız 7-ci yer uğurunda oyunda tacikistanlı həmyaşıdlarına 1:3 hesabı ilə uduzdu.
Msport.az xəbər verir ki, komandamızın baş məşqçisi İlham Yadullayev turnirin rəsmi saytına açıqlamasında məğlubiyyətin səbəblərindən danışıb:
“Nə demək olar? Bu yarışda istənilən kimi oynamadıq, hətta demək olar ki, pis çıxış etdik. Lakin bu yaşda uşaqları nədəsə ittiham etməyin tərəfdarı deyiləm. Yorğunluq var idi, müxtəlif başqa səbəblər oldu. Bu səbəbləri müzakirə edəcəyik, səhvlərimizi nəzərdən keçirəcəyik. Bunların üzərində işləyəcəyik. Uşaqlara gələcəklə bağlı motivasiya vermək lazım idi”.
İ.Yadullayev heyətlə bağlı çətinliklərdən də danşıb: “Mən deməzdim ki, millidə əsas və ya ikinci heyət olur. Yığmaya ən yaxşılar gəlir, biz ən yaxşıları seçirik. Kim yaxşı formadadırsa, onlar da dəvət alır. Düzdür, komandanın sütunu olan müəyyən oyunçular var ki, meydanda həll edirlər. Lakin bu gün onlar özlərini göstərə bilmədilər.
Yarışla bağlı təəssüratlarım çox yaxşıdır. Təşkilatçılıq yüksək səviyyədə idi. Şikayət eləmək istəmirəm, amma bir gündən bir oynamaq çətindir. Lakin buna da öyrəşmək lazımdır. Bu bizim üçün böyük təcrübədir. Çünki seçmə mərhələdə də oyunları bir gündən bir keçirirsən”.