ÇL: "Qarabağ" bütün göstəricilərdə öndədir!
UEFA Çempionlar Liqasında pley-off matçları davam edir. Msport.az xəbər verir ki, “Qarabağ” səfərdə “Ferensvaroş”s komandasına 3:1 hesabı ilə qalib gəlib.
Bu, Ağdam klubunun təsnifat mərhələsində keçirdiyi 5 oyunda 5-ci qələbəsi olub.
UEFA-nın hazırladığı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur. İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb.
“Qarabağ” daha bir göstəricidə lideridir. Azərbaycan çempionu təsnifat mərhələsində ən çox qol vuran komandadır – 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Siyahıda ikinci-üçüncü yerləri hərəyə 11 qolla “Malmö” və “Srvena Zvezda” (Serbiya) tutur.
Maraqlıdır ki, “Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da liderdir. Bu göstərici 62 faizdir. İkinci yerdə “Srvena Zvezda” (54 faiz), üçüncü yerdə “Reyncers” (Şotlandiya, 52 faiz) qərarlaşıb.
Ağdam təmsilçisi dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.
Fərdi oyunçulara gəlincə, “Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina bu baxımdan fərqlənib. 32 yaşlı kolumbiyalı topu ələ keçirməyə görə (12 dəfə) liderdir. O, həmçinin sürüşmə fəndi ilə top almağa (4 dəfə), topu uzaqlaşdırmağa (13 dəfə) görə də birinci yerləri tutur.