featured-image-25110

AFFA İcraiyyə Komitəsinin son qərarından sonra I divizionda çıxış etmək istəyən komandaların sayı artıb. Gələn mövsüm birinci dəstə və əvəzedicilərin çempionatı ayrı-ayrılıqda keçiriləcək. Aşağı liqada olan 6 komandaya daha dördü əlavə olunacaq, ümumilikdə divizionda 10 kollektiv mübarizə aparacaq. 10 klubun hər birinə SOCAR-ın xətti ilə AFFA tərəfindən mövsümə 300 min manat ayrılacaq.

Ən çox maraq doğuran məqamlardan biri də I divizionda çıxış etmək üçün klubların Region Liqasında 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın ləğv olunmasıdır. Bu qərara əsasən istənilən imkanlı şəxs komanda yaradaraq birbaşa birinci dəstədə yarışmaqla bağlı müraciət edə bilər. Əldə etdiyimiz məlumata görə, artıq xeyli komanda gələn mövsüm I divizionda çıxış etməklə bağlı arzusunu federasiyaya bildirib.

Cəmi 4 kvota olduğundan AFFA seçim etmək üçün xeyli baş sındırmalı olacaq. Bəzi əsas kriteriyalar var ki, aşağı dəstəyə qatılmaq istəyən klublar buna cavab verməlidirlər.

İnfrastruktur 

Ən vacib tələblərdən biri infrastruktur məsələsidir. Divizionda oynamaq istəyən komandaların mütləq stadionu olmalıdır.  İş orasındadır ki, indi Bakıda boş arena tapmaq çətin məsələdir. Premyer Liqanın 5 klubu ev oyunlarını paytaxtda keçirir. Hələ bunun üstünə Lökbatan Olimpiya İdman Kompleksinin stadionundan yararlanan “Qaradağ Lökbatan”, rəqiblərini Binədə qəbul edən MOİK kimi divizion komandalarıını da gəlsək, vəziyyət aydın olar.

AFFA və PFL stadionlarla bağlı ciddi tələblər qoymaq niyyətindədirlər. Bölgə təmsilçilərinin rəqiblərini öz rayonlarında qəbul etməsi məqsədəuyğun sayılacaq. Stadionla bağlı tələblər də yetərincə ciddidir. Arenanın paltardəyişmə otaqları standartlara cavab verməlidir, internet olmalıdır, meda və çəkiliş üçün yer ayrılmalıdır. Bir sözlə, PFL çalışır ki, divizionu yarımhəvəskar çempionat statusundan qurtarıb, daha səviyyəli iş ortaya qoysun.

Uşaq komandaları 

Tələblərdən biri də iki yaş qrupu üzrə uşaq komandalarının olmasıdır. Region Liqasından gələn klubların heç də hamısı bu imkanlara malik deyillər. Həmin komandaların AFFA-nın çempionatlarında çıxış etməsi də vacib şərtlərdən biridir.

Kadr məsələləri 

I dəstədə oynamaq istəyən komandaların ən azı 3-4 işçisi olmalıdır. Ən vacibi də klublarda lisenziyalaşdırma və maliyyə məsələləri üzrə menecerlər işləməlidir. Onların bir neçə il futbol sahəsində iş təcrübəsinin olmasına da diqqət yetiriləcək. Yəni yerindən duran adam istəsə ki, gəlib I divizion komandasında çalışsın, bu mümkün olmayacaq.

Məşqçilər 

Aşağı liqada mübarizə aparacaq komandaların məşqçilərinin ən azı B kateqoriyası olmalıdır. Əslində bütün bu addımlar gələcəkdə divizionda əməkhaqqlarının qalxmasına təkan verə bilər. Hazırda I dəstə klubları öz oyunçularına (“Araz Naxçıvan” istisna) ən yaxşı halda 500-600 manat maaş verirlər. Həmçinin məşqçilərin də qazancı yüksək deyil. Bu səbəbdən də daha yüksək kateqoriyası olan mütəxəssislər aşağı liqada çalışmaqdan boyun qaçırırlar.

Elə başa düşməyin ki, bütün bu şərtlər təkcə yeni gələn 4 komanda üçün nəzərdə tutulub. I divizionda öncədən mübarizə aparan digər 6 klub qarşısında da eyni tələblər qoyulacaq. Bir qədər əvvəl də qeyd etdiyim kimi məqsəd I dəstənin nüfuzunu artırmaq, rəqabətə davamlı mühit yaratmaq  və çempionatı daha peşəkar səviyyəyə çatdırmaqdır. Ümid edək ki, AFFA və PFL-un bu istiqamətdə atacağı addımlar öz nəticəsini verəcək.

AYXAN 

 

Bənzər xəbərlər