"Azərbaycanda böyük komandaların da oyunlarına çox azarkeş gəlmir"
“Sumqayıt”ın legioneri Roy Kahat İsrail mətbuatına verdiyi müsahibədə Azərbaycandakı yaşayışından, milli çempionatımızdan və klubundan danışıb. Msport.az həmin müsahibəni sizə təqdim edir.
-Sizcə, hansı liqa yaxşıdır, Azərbaycan, yoxsa İsrail?
-Çətindir demək. Komandalar balanslaşdırılmışdır. Hər iki liqada turnir cədvəlinin ortasındakı komanda ilə sondakı klub demək olar, bərabər gücə malikdir. Liderlərə gəlincə, İsraildə iki “Makkabi” – Tel-Əviv və Hayfadan olan komandalar dominantlıq edirlər. Azərbaycanda isə digər komandalardan xeyli öndə olan “Qarabağ” liderlik edir, onlar avrokuboklarda da yaxşı nəticələr göstərirlər. Ötən il “Qarabağ” Avropa Liqasında 1\8 finala kimi irəlilədi və yalnız əlavə vaxtda “Bayer”ə uduzdu – 2:2, 2:3.
-Çempionatlar arasında hansı fərqlər var?
-Əsas fərq azarkeş sayındadır. Azərbaycanda hətta böyük komandaların da oyunlarına elə də çox azarkeş gəlmir. Bundan başqa, stadionlar və meydançalar İsraildə daha yaxşıdır.
-“Makkabi Hayfa”nın Konfrans Liqasındakı rəqibi “Sabah” haqqında nə deyə bilərsiz?
-Komandada ötən mövsümlə müqayisədə çox dəyişikliklər baş verdiyindən xırdalıqları deyə bilmirəm. Ötən mövsüm “Sabah” çempionata pis başladı və yalnız qış fasiləsindən sonra özünə gəldi.
-Bu duel haqqında fikirləriniz necədir?
-Azərbaycanda çox adam “Makkabi”ni tanıyır, onların “Neftçi” üzərində qələbələrini xatırlayırlar. Klubun son illər avrokuboklardakı nailiyyətlərini görüblər. Mən hesab etmirəm ki, bu rahat püşk oldu. Lakin düşünürəm ki, “Makkabi” son oyunlardakı kimi olsa, növbəti mərhələyə keçəcək,
-Azərbaycandakı həyatınızdan danışın.
-Burda sakit həyat hökm sürür. Bakıda yaşayırıq və burda bizə lazım olan hər şey var. Ən çətini dil problemidir: insanların əksəriyyəti İngilis dilində bilmir.
-Azərbaycanda İsrailə və israillilərə münasibət necədir?
-Bizə münasibət çox yaxşıdır. Burda İsrail əlehinə heç nə görə bilməzsiniz. Küçədə insanlardan soruşsaz, hamısı İsraillə Azərbaycanın dost ölkə olduğunu bildirər, müharibəyə görə kədərləndiklərini söyləyərlər. Heç bir pis hadisə ilə üzləşməmişəm.
-Azərbaycan İranla sərhəddir, bu sizi qorxutmur?
-Biz eşitmişdik ki, Bakıda səfirliyə hücum cəhdi olub. Şükür Allaha ki, bizimlə bağlı qorxulu heç nə baş verməyib. İranla yaxın məsafadə olsaq da.
-“Sumqayıt”la yeni müqavilə bağladız. Belə qənaətə gəlmək olar ki, özünüzə sakit və yaxşı yer tapmısız. Hərçənd bizdə olan məlumata görə İsrailə qayıda bilərdiniz.
-Ötən yay çox istəyirdim ki, xaricdə başqa komandaya keçim. Hiss elədim ki, bunun üçün münasib vaxt yetişib. Agentimdən xahiş elədim mənə komanda tapsın. Təklif gələndə klub və liqa haqqında öyrənməyə başladım. Müsbət rəylər eşitdikdən sonra gedib özümü sınamaq istədim. Bu cəhd uğurlu oldu, ona görə də yeni mövsümdə də qalıb yaxşı nətixələr göstərmək istəyirəm. Mənim və ailəm üçün burda hələ ki hər şey yaxşıdır.
-Azərbaycanda daha bir neçə il qalmaq istəyirsiz, yoxsa İsrailə qayıdacaqsız?
– Deyə bilmərəm. Hazırda müqaviləm var. İndi mən hər məşq və hər oyun haqqında düşünürəm. Vaxtı gələndə qərar verəcəm.