Elmar Baxşıyev: “Mənim fikrim başqa cür yozulur”
“Yaxşı oyun alındı. Hər iki komanda hərəkətli idi. Qışa kimi göstərdiyimiz oyunların içərisində ən yaxşılardan biri idi. Məğlub olsaq da, komanda olaraq yaxşı iş gördük. Qışdan sonra üst pillələrdə yerimizi qoruyaraq, iddiamızı artıracağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”nın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XVIII turunun “Qarabağ”la matçından (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– Qol vursanız da, hakim qeydə almadı. Narazılıqlar var idi. Sizcə, ofsayd var idi, yoxsa hakim bir xalı əlinizdən aldı?
– Mənim fikrim başqa cür yozulur, hakimlərin fikri başqa cür. Keçən oyunda da penalti var idi. Bizə görə belə idi, onlara görə fərqli. Futbolda olan prosesdir. Bununla barışmaq lazımdır. Amma qərarı verən onlardır. Hörmətlə yanaşırıq.
– “Araz-Naxçıvan”ın nəticələri bir çoxları üçün gözlənilməzdir. Özünüz üçün də belədir?
– Heç kəs inanmsa da, bu komandanı mən yığmışam və futbolçuları heyətə cəlb edəndə potensiallarına bələd idim. Yaxşı oyunçularımız var. Qələbələrə ac futbolçulardır. Oyun planında desəm ki, bu, tam olaraq görmək istədiyim komandadır, yox. Daha yaxşı, oyun planında daha kreativ ola bilərik. Ümid edirəm ki, qışdan sonra oyun planında daha da arıtacağıq.
– Qış hazırlığı ilə bağlı planlar necədir?
– Ölkə daxilində qalacağıq. Vaxt az olduğundan burada hazırlaşacağıq.
– Yeni futbolçu transfer ediləcək?
– Çox geniş heyətimiz yoxdur. Yeni futbolçular ola bilər. İstədiyim tipdə olsa, güclənməyə həmişə hazırıq.