featured-image-18895

“Neftçi”dən ayrılmağımla bağlı xəbər doğru deyil. Bunu artıq bir dəfə təkzib etmişəm”.

Bunu Msport.az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov deyib.

Dünən “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyununu stadiondan canlı izləyən funksioner klubda fəaliyyətini davam etdirdiyini bildirib: “Bəli, ötən gün Tovuzda olmuşam. Mənimlə yanaşı, İdman direktoru Zaur Əzizov da orada idi. Kamran Quliyev isə deyəsən, şəxsi işləri ilə əlaqədar səfər matçına getməmişdi”.

Müşahidə Şurasındakı son dəyişikliklər barədə danışmaq istəməyən Eyvazov əvvəldən məsələnin idman tərəfinə qarışmadığını söyləyib: “Heç vaxt bu cür məsələlərə müdaxiləm olmayıb. Ona görə də MŞ-dakı son dəyişikləri, baş məşqçi, transfer məsələsini şərh edə bilmərəm. Transfer məsələlərini, baş məşqçini, onun niyə bir nəfəri 90 dəqiqə, digərini 3 dəqiqə oynatmasını Kamran Quliyevdən, klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar”.

Lakin vitse-prezident komandanın çıxışının azarkeşləri, ictimaiyyəti və klub rəhbərliyini qane etmədiyini etiraf edib:

“Məsələni ciddiyə alıb, buna daha məsuliyyətli yanaşmaq lazımdır. Uğursuzluğun səbəbini ən qısa zamanda tapıb aradan qaldırmalıyıq. Bu, çox davam edə bilməz. Çünki “Neftçi”ni qara zolaqdan çıxarmaq çox çətin olur. Bir azarkeş, klub funksioneri, ürəyində “Neftçi” sevgisi olan biri kimi buna üzülürəm və vəziyyəti düzəltmək üçün hər şeyi etməyə hazıram. Klubun ağır dönəmlərini görmüşəm, nə qədər stress, çətinliklər olub. Odur ki, qısa zamanda qara zolaqdan çıxmaq lazımdır. Əl-ələ verib, “Neftçi”yə kömək etməliyik. Lazımdırsa, istefamızı verək, gedək. Belə çox davam edə bilməz”.

Bənzər xəbərlər