Felipe Santos: “Rəşad Sadıqovla bağlı hadisəni unutmuşam” - MÜSAHİBƏ
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Azərbaycan Premyer Liqasının II turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Msport.az həmin müsahibəni təqdim edir:
– Qələbəni necə şərh edərdiniz?
– Oyun çətin keçdi. “Turan Tovuz” uzun toplarla oynayırdı. Biz komanda olaraq matça yaxşı hazırlaşmışdıq. Çox şadıq ki, qələbə qazandıq. Artıq növbəti oyunu düşünməliyik.
– Komandanızın ikinci qolu vurduğu epizodda hamı sizin zərbə endirəcəyinizi gözlədiyi halda ötürmə verdiniz…
– Gördüm ki, komanda yoldaşım daha yaxşı vəziyyətdədir. Ona görə də ötürmə verdim. Şadam ki, o, fərqlənə bildi. Məhsuldar ötürmə müəllifi olmaq da sevindiricidir.
– Növbəti matçda “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Sabiq komandanızla görüşdən gözləntiləriniz nədir?
– Bəli, “Qəbələ” sabiq klublarımdan biridir. 3 il əvvəl o komandanın heyətində Azərbaycan kubokunu qazanmışdım. Çətin oyun keçəcək. Hər görüşə olduğu kimi, bu dəfə də meydana qələbə qazanmaq üçün çıxacağıq. Çünki qarşımızda hədəflərimiz var.
– Ötən tur “Zirə” ilə görüşdə rəqib baş məşqçi Rəşad Sadıqovla aranızda mübahisə yaşandı. Sizə elə gəlmir ki, həmin epizodda bir qədər aqressiv davrandınız?
– Rəşad Sadıqova hörmətim var. O, yaxşı məşqçidir. Oyun epizodunda bəzən belə hallar olur. Artıq həmin hadisəni unutmuşam.
– Yayda “Zirə”nin sizinlə maraqlandığı deyilir. Həqiqətən də təklif almışdınız?
– Təkliflər olmuşdu. Lakin mənim “Araz-Naxçıvan”la müqaviləm var. Burada olduğum üçün xoşbəxtəm. Komandamla birgə avrokuboklarda da çıxış etdim. Konfrans Liqasında oynadıq. Bir sözlə, “Araz-Naxçıvan”da qalmaqdan məmnunam.