Fərhad Vəliyev: "Bu gün Şahruddinə çox iş düşəcək"
“İlk oyunda “Qarabağ” rəqibdən üstün oynadı və Vətənə inamlı qələbə ilə qayıtdı. Cavab matçı öncəsi qarşı tərəfdən iddialı açıqlamalar eşidirik. Qələbə qazanmaq istəyirlər”.
Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq qapıçısı Fərhad Vəliyev Ağdam klubunun Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan öncə deyib.
42 yaşlı veteran qolkiper bildirib ki, azarkeşləri maraqlı oyun gözləyir: “Qurban Qurbanov rəqibin zəif və üstün tərəflərini yaxşı bilir. Maksim Medvedevlə Kevin Medinanın sıraya dönməsi komanda üçün sevindirici haldır. Amma bu gün “Qarabağ”a çox çətin olacaq. Komandamıza uğurlar arzulayıram. Qrupdan çıxmaq üçün bu matçda ən azı uduzmamaq lazımdır. Təbii ki, qələbə daha yaxşı olardı. “Olimpiakos” da öz iddiasını ortaya qoymağa çalışacaq”.
O, rəqibin hücum futbolu oynayacağını iddia edib: “Olimpiakos” ilk qələbəsini qazanmaq istəyir. Amma “Qarabağ” öz oyununu göstərsə, qalib gələ bilər”.
Vəliyev bu görüşdə “köhlən atlar”ın qapıçısı Şahruddin Məhəmmədəliyevə böyük iş düşəcəyini söyləyib: “Həm millinin, həm də “Qarabağ”ın son oyunlarında inamlı çıxış etdi. Avropada ən çox seyv edən qapıçılar sırasına düşdü. Bu gün ona da böyük iş düşə bilər. Nə qədər inamlı oynasa, “Qarabağ” uğura bir o qədər yaxın olar”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.







