"Göstərdik ki, bizi hesabdan silmək olmaz" - Elmar Baxşıyev
“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Zirə” yaxşı təşkilatlanmış komandadır. Bu tura kimi nəticə qazanmasaq da, göstərdik ki, bizi hesabdan silmək olmaz. Getdikcə daha məzmunlu və hücumameyilli futbol sərgiləyəcəyik”.
Msport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, “Zirə” ilə görüşlərdə uğurlu nəticə qazanmalarını belə şərh edib: “Mən də bu suala Rəşad Sadıqov kimi cavab verəcəyəm. Meydanda Rəşadla Elmar oynamır, komandalar oynayır. Bu gün hər iki komanda qələbə qazana bilərdi”.
Baxşıyev qırmızı vərəqə aldığı epizodla bağlı deyib: “Emosiya ilə bağlıdır. Hakimlər bizim sözlərimizə dərhal fikir verməməlidir. Biz də oyunun içindəyik”.
“Qəbələ”nin baş məşqçisi transfer çalışmalarına da toxunub: “Heyətimiz geniş görünsə də, oyuna təsir edəcək futbolçuların sayı azdır. Güclənməyə ehtiyacımız var. Rəhbərliklə danışığınmız olub, bir futbolçu transfer edəcəyik”.
Baxşıyev Osama Halaylanın ehtiyada qalmasının səbəbini belə izah edib: “Mənim prinsiplərim var. Futbolçular buna uyğunlaşmalıdır. Özü niyə oynamamasının səbəbini bilir. Rejimlə bağlıdır”.
O, uğursuz nəticəyə baxmayaraq, istefa barədə düşünmədiyini vurğulayıb: “Rəhbərliklə hər gün görüşürəm, məşqlərimizdə iştirak edirlər. Mediada yazılanlar məni təəccübləndirmir. Dörd oyun uduzmağımıza baxmayaraq, rəhbərliyin dəstəyini hiss etmişəm. Əgər görsəm ki, bacarmıram, özüm gedəcəm. İstefa haqda düşünməmişəm. Mənə inanıb ora təyin edən adam olub”.