featured-image-38716

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının X turundakı hakim idarəçiliyi ilə bağlı bəyanat yayıb.

Msport.az xəbər verir ki, bölgə klubu hakimlər briqadasının qəbul etdiyi bəzi qərarlardan narazılığını bildirib.

“Turan Tovuz” olaraq, Premyer Liqada keçirdiyimiz ilk oyundan bugünədək heç vaxt hakimliklə bağlı haqlı və ya haqsız irad və etiraz bildirməmişik. Lakin mövsümün gedişində bir neçə dəfə bütün futbol ictimaiyyətinin də bizimlə həmfikir olduğu haqsızlıqlarla üzləşmişik. Verilməyən penalti, sayılmayan qol, futbolçularımıza verilən, lakin rəqiblərə göz yumulan vərəqələr gərgin keçən çempionatda qızıla bərabər olan xallarımızın itirilməsi ilə nəticələnir. Bu səhvlərin VAR sisteminin tətbiq edildiyi məqamda təkrarlanması bizi daha da narahat edir. Gənc hakimlərin təyinatını hər zaman alqışlamışıq və onların futbolumuzun inkişafında öz töhvələrini verəcəyinə inanmışıq. Son oyunlarda əleyhimizə verilən ardıcıl qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da, sadəcə son oyundan videogörüntüləri təqdim edirik.

Bütün rəqiblərə hörmətlə yanaşırıq hər hansı üstünlük, ayrıcalıq tələb etmirik, təmiz futbol, ədalətli qərarlar istəyirik!

1. Topu aşkar şəkildə rəqibə vurmaq sarı vərəqə deyilmi?
2. VAR sistemi olmasına baxmayaraq top havada ikən hakimin fit çalması və təmiz qolu qeydə almaması nə dərəcədə doğrudur?
3. Qapımıza vurulan ikinci qoldan öncə Belajdi Pusiyə qarşı edilən hərəkət cərimə zərbəsi deyilmi?”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, 2:2 hesabı ilə bitən matçın baş hakimi Fərid Hacıyev, VAR hakimi Kamranbəy Rəhimov, AVAR hakimi isə Cavid Cəlilov olub.

Bənzər xəbərlər