"Hələ bilmirəm, oyun neçə dəqiqə davam edəcək" - "Dinamo"nun baş məşqçisi
Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan əvvəl Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç jurnalistlərin suallarını cavablandırıb. Msport.az xəbər verir ki, o, əvvəlcə sabahkı görüş haqqında fikirlərini bildirib:
-İlk oyundakı böyük hesablı qələbəyə baxmayaraq, biz cavab matçına çox ciddi hazırlaşmışıq. Rəqib çox güclüdür və yaxşı hazırlıq keçib. Bunları nəzərə alaraq, müdafiəni gücləndirmək niyyətindəyəm. Hələ bilmirəm, sabahkı oyun neçə dəqiqə davam edəcək. Oyun ərzində baxacağıq ki, rəqib bizə nə qədər şans verəcək və biz bunlardan necə istifadə edəcəyik.
-“Qarabağ” ilk oyunda “Ludoqorets”ə məğlub olsa da, cavab görüşündə darmadağın edib rəqibin baş məşqçisini istefaya göndərdi. Bundan qorxmursuz ki?
-Mən həmin məşqçinin istefasından xəbərsizəm. Görünür o, pensiya yaşı çatdığı üçün gedib. Mənim belə planım yoxdur. Mən bu komandada yeni fəaliyyətə başlamışam və kifayət qədər ambisiyalıyam. Yaxşı nəticələr əldə edəcəyimizə, komanda ruhuna və oyunçularıma inanıram. Həmin hadisənin təkrar olunacağına inanmıram.
-Siz niyə Mahir Emreli ilə işləmək istəmədiz?
-Bir il ərzində onun potensialına bələd oldum. Lakin qışda zədə aldığından çox da oynaya bilmədi. Mahirin bəxti gətirdi ki, “Nürnberq”ə keçdi.
-Bakıdakı oyunda məqsədiniz nə olacaq?
-Bizi növbəti mərhələyə çıxaracaq nəticənin arxasınca gəlmişik. Bunun qələbə, heç-heçə və ya məğlubiyyət olduğunu deyə bilmərəm. Məqsədimiz irəli getməkdir.