"Hiss etdim ki, bu komandaya daha çox lazımam"
“Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm, əksinə sevincliyəm. Yaxşı kollektivimiz var. Uşaqlar bir-birilərinə qarşı mehribandırlar. Gəldiyim gündən doğma insan kimi qarşılandım. Bu da məni sevindirir”.
Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Adama Niane klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Malili forvard bu keçidin “Kəpəz” üçün xeyirli olacağını bildirib: “Bir neçə təklif var idi, amma sonda seçimim bu klubdan yana oldu. Özümü burada yad hiss etmirəm. “Kəpəz”i seçməyimdə klubun transferimdə israr göstərməsi həlledici rol oynadı. Hiss etdim ki, bu komandaya daha çox lazımam. Mənə hədsiz inandılar ki, bu da məni sevindirir. Odur ki, əlimdən gələni edib etimadı doğrultmağa çalışacağam. Məqsədim komanda üçün xeyirli olmaqdır”.
O, komandaya gəlişinin hücum xəttinə güc qatacağını vurğulayıb: “Təkcə klubun mənə yox, mənim də belə komandaya ehtiyacım var. Ümidlər böyükdür, bunu başa düşürəm. Qollar və ya məhsuldar ötürmələrlə kollektivə yardımçı olacağam. Məşqlərdə əzmlə hazırlaşırıq. Hücum xəttinin gücünü artırmalıyıq. Böyük tarixə malik kluba gəlmişəm, bunu yaxşı bilirəm. “Kəpəz” üçün meydanda ən yaxşısını edəcəyəm. Üzərimə düşən iş komandanın hücum xəttini gücləndirməkdir”.