"Araz-Naxçıvan" çempionatda əsas rəqibimizdir" - Azər Məmmədov
“Oyunun bizim üçün hansı əhəmiyyət daşıdığını bilirdik. Normal düşünsək, “Araz-Naxçıvan” çempionatda bizim əsas rəqibimizdir. Və bu oyun bizə görə 6 xallıq matç idi”.
Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 5-ci turunda bu gün “Araz-Naxçıvan”la Gəncədə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: “Təəsüflər olsun ki, bu gün xalı “Araz-Naxçıvan”a verdik. İki fərqli hissə oldu. “Turan Tovuz” ilə görüşdə olduğu kimi ilk yarıda qısa zamanda iki qol buraxdıq. Açığı deyim ki, topları da öz səhvlərimizdən buraxdıq. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi. Buna baxmayaraq ikinci hissədə çalışdıq ki, fərqi aradan qaldıraq. Təəsüflər olsun ki, tam bacara bilmədik”.
A.Məmmədov çempionatda yaranacaq fasilədə səhvləri aradan qaldırmalı olduqlarını bildirib: “Çempionat yeni başlayıb. 5 tur keçib. Uzun marafon var. Çalışmaq lazımdır. Hücum xəttində dişsizlik görünür. Fasilə dövründə bunun üzərində işləyəcəyik ki, çatışmazlıqları aradan qaldıraq”.