featured-image-69206

Milli komandamızın baş məşqçisi Fernandu Santuş sabah keçiriləcək İslandiya ilə oyundan öncə mətbuat konfransı keçirib. Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə hazırlıq barədə danışıb:

-Hər oyun çətin keçir. Sabah biz DÇ-2026-nın seçmə mərhələsinə start verəcəyik.  Hər iki komanda oyuna köklənib. İslandiya öz meydanında məğlub olmamağa çalışacaq. Rəqibi analiz etmişik, onların oyun stilini öyrənmişik. Yaxşı təşkilatlanmış komandadır, topa nəzarət edirlər. Onların yeni məşqçiləri var. Mənim futbolçularım gələcək rəqibləri barədə hər şeyi bilirlər. Çətin oyun olacaq. Biz bura qələbə dalınca gəlmişik.

-Avro-2016-da sizin Portuqaliya İslandiyanı məğlub edə bilməmişdi – 0:0. Həmin oyunu necə xatırlayırsız?

-Həmin vaxt onların çox güclü komandaları var idi. Bütün oyun ərzində təslim olmadılar. Bütün futbolçuları xarıcdə oynayırlar, özü də yaxşı klublarda. Çoxlu təcrübəli futbolçuları var. Sabah meydanda ən yaxşı oyunumuzu nümayiş etdirməliyik.

-Hava şəraiti komandanızın oyununa nə dərəcədə təsir edəcək?

-Bura adaptasiya olmaq üçün tez gəldik. Uzaq məsafəyə uçuşdan sonra bir gün lazımdır ki, özünə gələsən. Bu gün komanda bərpa oluundu. Oyuna qədər hələ vaxt var. Komanda hazır olacaq. Yağış hər iki komanda üçün eynidir. Amma bilmirəm ki, qazonun vəziyyəti necə olacaq.

-Sabah Azərbaycan millisinin kapitanı kim olacaq?

-Emin Mahmudov.

-Qarşıdakı iki oyunda sizi hansı nəticələr razı salar?

-İki qələbə bizi razı salar. Biz hamımız qalib gəlmək istəyirik. Çox şey demək olar, amma hər şeyi meydanda reallaşdırmaq lazımdır. Əsas odur ki, mental olaraq hazırdırlar, uşaqlar motivasiyalıdırlar. Onlar qələbə qazanıb Azərbaycan xalqını sevindirmək istəyirlər.

-Sabah futbol aləmini təəccübləndirə biləcəyik?

-Biz tarix yazmaq istəyirik. Futbolçular bunu bilir və bunun üçün çalışırlar. Sabah futbolçular yaxşı nəticə qazanmaq üçün mübarizə aparacaqlar.

-Siz möcüzəyə inanırsınız?

-Yox, möcüzəni insanlar  yaradır.  Bizim qrupumuz heç də asan qrup deyil. Maksimum xal toplamağa çalışacağıq. Bizim məqsədimiz budur.

Bənzər xəbərlər