“İkinci hissədə yaş fərqi özünü göstərdi”
“Komandamız inkişaf edir. Hətta deyərdim ki, bu proses çox sürətlə gedir”.
Msport.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Əlibey Mahmudov Belarusda təşkil olunan beynəlxalq turnirdə Özbəkistan yığmasına 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
İlk dəfə beynəlxalq turnirdə iştirak etdiklərini xatırladan oyunçu hər keçən gün daha yaxşı olduqlarını bildirib: “Komandamla, futbolçularla fəxr edirəm. Onların gözündə mübarizə əzmini görmək məni daha da ruhlandırır”.
O, özbəklərlə matçda daha yaxşı təsir bağışladıqlarını söyləyib: “Əvvəlki qarşılaşmalarda oyunumuz alınmırdı. Bu dəfə isə fərqli oldu. İlk hissədə müdafiədən hücuma keçmək, topa nəzarət – bir sözlə üstünlük bizim tərəfimizdə idi. İkinci yarıda isə yaş fərqi özünü göstərdi. Gücümüz tükəndi və oyuna nəzarəti itirdik. İnanıram ki, getdikcə daha yaxşı oynayacağıq”.