"İkinci qoldan sonra komanda rahatlaşdı" - Rəşad Sadıqov
“Zirə” Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Azarkeşlərə təşəkkür edirəm. 10 oyundur qələbə qazanmırdıq. Futbolçulara və mənə mənəvi olaraq dəstək oldular. Qələbəmizi onlara hədiyyə edirəm. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar. Əzmkarlıq göstərdilər. İlk hissədə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. İkinci qoldan sonra komanda rahatlaşdı. Rəqib də əzmkar mübarizə aparırdı. 3:0 asan qələbə görünə bilər, amma çətinliklə qazanıldı. Qarşıda bizi çox vacib oyunlar gözləyir.
– Hakimlikdən razı qaldınız?
– Mən razıyam və ya razı deyiləm, bu cür düşüncəm yoxdur. Əsas odur ki, hər iki komanda meydandan çıxanda hakimlikdən razı qalsın. Hər dəfə alınmır.
– Bu gün vurulan üç qolun oyunçulara psixoloji təsiri olacaq?
– Çempionatda qol vurmaq çətindir. Azərbaycan futbolunda ən çox 0:0, 1:0 nəticələri qeydə alınır. Hər komanda ehtiyatlı oynayır, qol vurmaq çətin olur. 10 oyuna 1 qol vurmuşduq. Amma arada 3 kritik kubok matçı keçirmişdik. O oyunlarda 7 qol vurmuşduq. Bu gün daha dəqiq oynadıq. Əvvəlki matçlardan fərqli olan bu idi. Sonda da nəticə qazandıq.