"İlk hissədə imkan vermədik qapımıza yaxınlaşsınlar" - Samir Abasov
Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” – “Neftçi” oyunundan (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Rəqibi təbrik edirəm. Biz də pis oynamadıq, matçdan sonra futbolçularımı təbrik etdim. Komandamız artıq komplektləşir. Vaxt keçdikcə daha yaxşı olacağıq. 3-4 turdan sonra fiziki baxımından tam formaya düşəcəyik. İlk hissədə böyük epizodlar olmadı. Fasilədən sonra daha yaxşı oynadıq. Qol buraxdıqdan sonra da böyük qüvvə ilə irəli atıldıq. Ümumi götürsək, pis oynamadıq. Daha yaxşı olacağına ümid edirəm. Transferlərin gec gəlməsinin də təsiri var. Bu işdə də heç kimi günahlandırmıram, işin içində özüməm. Bu oyunun ardınca yaxşı şeylər ola bilər.
– Siz oynadız, rəqib qələbə qazandı. Bu fikirlə razısız?
– Belə şeylər demək istəmirəm. Futbolçularım yaxşı oynadılar. Oyundan qopmadıq. Məşqlərdə hazırlaşdığımız şeyləri də etməyə çalışdılar. Heç-heçə olsaydı, daha yaxşı motivasiya ilə gedərdik. Bəlkə də, ədalətli nəticə bu olardı.
– Komanda hər oyun qol buraxır. Bu, nə ilə bağlıdır?
– Ötən il problemlər yaşayırdıq. 7 oyuna bir qol vurmuşduq, indi bunu düzəltmişik. Müdafiədə də diqqətli oynayırıq. İlk hissədə rəqibə imkan vermədik qapımıza yaxınlaşsın. Futbolda belə şeylər olur. Müdafiədən narazı deyiləm. Bu il bütün komanda olaraq müdafiədə pis oynamırıq.
– Transferlər bitib?
– Xeyr, vinger gözləyirik. Üç oyunçu ilə danışıqlar gedir. Zəng edirlər ki, bu oyunçu sizə maraqlıdır? Deyirik, hə. Sonra itirlər. Danışıqlarımız gedir.
– Rövlanın əvəzlənməsi nə ilə bağlıdır?
– Özü əvəzlənmək istədi. Narahatlığı var idi.