featured-image-68634

Legioner limitinin ləğvindən sonra Premyer Liqanın ilk turu maraqla gözlənilirdi. Hansı klub 11 legionerlə meydana çıxacaq və ya hansı komanda daha çox yerli futbolçu oynadacaq?

Bu, futbol ictimaiyyətini maraqlandıran suallardan idi. Qeyd edək ki, legioner limitinin ləğv olunmasının əsas tərəfdarı olan “Sabah”ı I turda iş başında görə bilmədik. “Bayquşlar”ın “Qarabağ”la matçı komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən  başqa vaxta keçirildi. Bu səbədən də Valdas Dambrasuskasın Premyer Liqada  yerli oynadıb-oynatmayacağı bizim üçün qaranlıq qaldı.

Digər matçlara nəzər yetirsək, görərik ki, klubların əksəriyyəti start heyətində 3 yerli futbolçuya şans verib. Bu isə o deməkdir ki, 2025-2026-ci illər mövsümündə 8+3 legioner limiti daha məqsədəuyğun olardı.

Premyer Liqanın açılış turunda start heyətində ən çox azərbaycanlı futbolçu oynadan klublar “Qəbələ” və “Turan Tovuz” oldu – 5 nəfər. “Qırmızı-qaralar”ın yerlilərindən dördü – Murad Musayev, Nicat Əliyev, Şahin Şahniyarov və Eşqin Əliyev məhz “Qəbələ” Akademiyasının yetirmələridir. Əyalət klubu Akademiyanın fəaliyyətini məhdudlaşdırdıqdan sonra tənqidlərə məruz qalsa da, ilk tur göstərdi ki, burada yerlilərə etimad göstəriləcək. Kaxaber Sxadadze oyunun sonlarında Fərid İsgəndərov və Nuğay Rəşidovu da meydana buraxdı.

“Turan Tovuz” da “İmişli” ilə səfər qarşılaşmasına 5 azərbaycanlı futbolçu ilə başladı. Düzdür, siyahıda olanlardan Rəhim Sadıxovla Ayxan Hüseynov Azərbaycan futbol məktəbinin yetirməsi deyil. Hər iki oyunçu karyeralarına Rusiyada başlayıblar.

U-21-in baş məşqçisi Ayxan Abbasovun “Şamaxı”da daha çox yerli və gənc futbolçulara etimad göstərəcəyi gözlənilsə də, proqnozlar özünü doğrultmadı. “Şamaxı” “Neftçi” ilə matça cəmi iki azərbaycanlı futbolçu ilə başladı. 25 yaşlı Rafael Məhərrəmlini saymasaq, heyətdə yalnız gənclər millisinin bir üzvü – Rüfət Abbasov var idi. “Şamaxı” ilə yanaşı, ən az yerli oynadan digər klub “Araz- Naxçıvan” oldu. Elmar Baxşıyev “Zirə” ilə görüşdə start heyətində iki müdafiəçi – Ürfan Abbasov və Bəxtiyar Həsənalızadəyə güvəndi.

1-ci turun göstəricilərinə baxanda millinin baş məşqçisi Fernandu Santuşun halına acımamaq olmur. Portuqaliyalı mütəxəssis İslandiya və Ukrayna ilə oyunlara kimləri çağıracaq? Ən əsas da  qapıçı mövqeyi ilə bağlı ciddi problemlər var.

 

“Karvan Yevlax” – 3

Vadim Abdullayev, Süleyman Əhmədov, Uğur Cahangirov

“Qəbələ” – 5

Səlahət Ağayev, Murad Musayev, Nicat Əliyev, Şahin Şahniyarov, Eşqin Əhmədov.

“İmişli” -3

Azər Salahlı, Vüsal Qənbərov, Tuncay Cəfərli,

“Turan Tovuz”- 5

Rəhim Sadıxov, Xəyal Nəcəfov, Faiq Hacıyev, Ayxan Hüseynov, Abdulla Rzayev,

“Neftçi” -3

Emin Mahmudov, Elvin Bədəlov, Murad Xaçayev.

“Şamaxı” -2 

Rafael Məhərrəmli, Rüfət Abbasov.

“Sumqayıt” – 4

Mehdi Cənnətov, Rüstəm Əhmədzadə, Səbuhi Abdullazadə, Ayxan Süleymanlı.

“Kəpəz” -3

Məqsəd İsayev, Fərid Nəbiyev, Şakir Seyidov.

“Zirə” – 3

Qismət Alıyev, İsmayıl İbrahimli, Ceyhun Nuriyev.

“Araz-Naxçıvan” – 2

Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə.

Bənzər xəbərlər