featured-image-29822

2021-ci ilin noyabrında Azərbaycan Cüdo Federasiyasında dəyişiklik baş verdi. Rövnəq Abdullayevi prezident postunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzlədi. Həmin dövrdə bu ümumi prosses idi, digər federasiyalarda da-  güləş, boks və s. yeniliklər oldu deyə, diqqəti çox da cəlb etmədi. Adını islahat qoysalar da, əslində heç nə dəyişmirdi, bir naziri, dövlət məmurunu digəri əvəz edirdi.

Rövnəq Abdullayevin vaxtında federasiyanı idarə edən şəxs onun uşaqlıq dostu “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov idisə, indi də oldu Rəşad Nəbiyevin kadrı 2019-2021-ci illərdə “AtaHolding”  MMC-nin baş direktoru işləmiş Rəşad Rəsullu. Hə, kağız üzərində islahatdır, federasiyalarda yeniliklər olur, guya bunun nəticəsində idman növü inkişaf etməlidir. Amma nəticə eynidir. Bir məmuru digəri əvəzləyir, birinin komandası gedir, o biri gəlir. Olsun, sözüm onda yox. Əsas nəticədir. Bəs bu baxımdan irəliləyiş varmı?

Bu günlərdə Qətərdə cüdo üzrə dünya çempionatına yekun vuruldu. Azərbaycan milli komandası yarışı 1 bürünc medalla başa vurdu. 100 kq çəki dərəcəsində mübarizə aparan milliləşmiş idmançı – Zelim Kotsoyev yarışda yığmamıza yeganə medalı gətirdi.

Rəşad Nəbiyev federasiyaya rəhbərlik etdiyi dönəmdə bu ikinci dünya çempionatı idi. Buna qədər 2022-ci ildə Daşkənddə Hidayət Heydərovla (73 kq) həmin Kotsoyev 3-cü yerlə kifayətlənmişdilər.

İndi isə diqqət yetirək əvvəlki – Rövnəq Abdullayevlə Sadıq Sadıqovun son dönəminə. 2019-cu ildə Tokioda Rüstəm Orucov (73 kq) gümüş, həmin çəkidə Hidayət isə bürünc medala sahib oldu. Hər ikisi də Azərbaycan cüdo məktəbinin yetirməsi. 2021-də Budapeştdə indiki kimi bir bürünc medal olmuşdu, onu qazanan isə legioner yox, Kəramət Hüseynov (60 kq) idi.

Elə bu faktlar göstərir ki, iki ildə cüdoda heç bir irəliləyiş olmayıb. Hər hansı Qran-Pri, Böyük Dəbilqə turnirlərindən dəst-dəst medallarla qayıtmaq olar, amma bu bizi aldatmamalıdır. İlin əsas yarışı dünya çempionatı idi, o isə uğursuzluqla yadda qaldı.

Yeri gəlmişkən, cüdo ölkəmizdə ən yaxşı şəraitə malik olan federasiyalardan biridir. Özlərinin Bakı Olimpiya Stadionunda böyük zalları, vaxtı-vaxtında maaşları verilir, təlim-məşq toplanışında olmadıqları ölkə yoxdur. Demək idarəetmə doğru deyil. Qarşıda isə Olimpiya ili gəlir. Orda da qeydə alınacaq fiasko Nəbiyev-Rəsullu duetinə baha başa gələ bilər.

AYXAN 

 

Bənzər xəbərlər