"Kəpəz"in baş məşqçi postuna daha bir namizəd
“Kəpəz” Adil Şükürovun göndərilməsindən sonra yeni baş məşqçi axtarışlarını davam etdirir. Msport.az xəbər verir ki, Gəncə klubunun rəhbərliyi 3-4 yerli mütəxəssislə yanaşı, əcnəbi məşqçi variantlarını da nəzərdən keçirir.
Hələ ki mətbuatda daha çox Şahin Diniyev, Tərlan Əhmədov, Azər Bağırov, Mirbağər İsayev kimi mütəxəssislərin adı hallanır.
“Kəpəz”in danışıq apardığı daha məşqçi isə Arif Əsədovdur. Bu günlərdə Moskvada “Əfsanələr Kuboku”nda iştirak etmiş Əsədov Bakıya qayıtdıqdan sonra Gəncə təmsilçisinin rəsmiləri ilə danışıb. Qeyd edək ki, Əsədov milli komandamızın baş məşqçi postundan (o, De Byazidən sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirirdi-red.) getdikdən sonra heç bir klubda işləmir. O, AFFA-da təlimatçı kimi fəaliyyət göstərir.
“Kəpəz”də əsas söz sahibi olan İdarə Heyətinin üzvü Fərman Əlizadə hələ ki yekun qərar verməyib. Böyük ehtimalla, həftəsonu artıq komandanı kimin çalışdıracağı məlum olacaq.