"Kəpəz"in hücumçusu: "Aşkar qayda pozuntusuna görə penalti təyin etmirlərsə, VAR nəyə lazımdır?"
“Çox yaxşı oynadıq. Əsl xarakter göstərdik. Hesabda 2 top fərqilə geri düşsək də, dərhal geridönüş etdik”.
Bunu Msport.az saytına açıqlamasında “Kəpəz”in hücumçusu Mixali Ergemlidze səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Gəncədəki ilk matçda 1:2 hesabı ilə uduzan “sarı-göylər” iki görüşün nəticəsinə əsasən mübarizəni dayandırıb. Gürcüstanlı hücumçu mərhələni keçə bilməmələrində oyunun baş hakimi Rəvan Həmzəzadəni günahlandırıb: “Referinin çoxlu səhvi oldu. Son dəqiqələrdə Mate Kvirkiyaya qarşı epizod zamanı rəqibə 100 faiz qırmızı vərəqə göstərməli və penalti təyin etməli idi. Hətta epizoda da baxdı. Sonra isə qayda pozuntusunun olmadığına qərar verdi. Bu mərhələdə belə səhvlər olmamalıdır”.
26 yaşlı forvardın sözlərinə görə, Həmzəzadənin qərarı onun üçün də qaranlıq qalıb: “Aşkar qayda pozuntusuna görə penalti təyin etmirlərsə, VAR nəyə lazımdır? Həmin otaqda oturan insanlar niyə referiyə xəbərdarlıq etmirlər? Bu, necə ola bilər axı? Bizə qarşı ilk hakim səhvi deyil. Niyə belə etdiklərini mən də başa düşmürəm”.
Ergemlidze matçın final fitindən sonra futbolçular arasında baş vermiş insidentə də toxunub: “Rəqib futbolçu komandamız haqqında təhqir işlətdi. Hər şey bundan sonra başladı”.
“Kəpəz”in cari mövsümdəki çıxışından da söz açan futbolçu pis oynamadıqlarını söyləyib: “Çıxışımızı qeyri-sabit adlandırmazdım. Hər oyuna yaxşı başlayırıq. Sadəcə, nəticələr istədiyimiz kimi deyil. İnanıram ki, tezliklə bu da düzələcək. Qarşıda bizi “Zirə” ilə ilin son oyunu gözləyir. Qələbə üçün əlimizdən gələni edəcəyik”.
Azərbaycanda “Sabah”ın da formasını geyinmiş hücumçu Bakı klubundan ayrılmasının səbəbini belə izah edib: “Sabah”da heç kim mənə mane olmadı. Sadəcə, orada karyeram istədiyim kimi alınmadı”.







